Author Archives: admin

Kommunist Partiyasinin Manifesti

By | 10.03.2017

Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər.

Heç elə bir müxalifətçi partiya varmı ki, hakimiyyət başında duran düşmənləri onu kommunist partiyası adlandırıb bədnam etməsinlər? Heç elə bir müxalifətçi partiya varmı ki, istər müxalifətin nisbətən qabaqcıl nümayəndələrini, istərsə də öz irticaçı düşmənlərini kommunizmdə ittiham edib damğalamasın?

Bu faktdan iki nəticə çıxır.

Artıq bütün Avropa qüvvələri kommunizmi bir qüvvə hesab edir.

Artıq indi kommunistlərin öz baxışlarını, öz məqsədlərini, öz niyyətlərini bütün dünya qarşısında açıq söyləməli olduqları və kommunizm kabusu haqqındakı əfsanələrə qarşı partiyanın öz manifestini irəli sürməli olduqları vaxt gəlib çatmışdır.

Bu məqsədlə ən müxtəlif millətlərin kommunistləri Londonda toplaşıb ingilis, fransız, alman, italyan, flamand və Danimarka dillərində nəşr olunan aşağıdakı «Manifest»i tərtib etdilər.

Ⅰ. Burjualar Və Proletarlar1

İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi2 siniflər mübarizəsi tarixi olmuşdur.

Azad insanla qul, patritsi ilə plebey, mülkədarla təhkimli, usta3 ilə şagird, müxtəsər, zalımla məzlum arasında əbədi bir antaqonizm olmuş, onlar gah gizli, gah da açıq şəkildə daim bir-biri ilə mübarizə aparmışlar və bu mübarizə həmişə bütün cəmiyyət binasının inqilabi surətdə yenidən qurulması və ya mübarizə edən siniflərin hamısının məhv olması ilə nəticələnmişdir.

Əvvəlki tarixi dövrlərdə biz, demək olar, hər yerdə cəmiyyətnn tamamilə müxtəlif silklərə parçalandığını – müxtəlif ictimai mövqelərin tam bir pilləkənini görürük. Qədim Romada patritsilərə, atlılara, plebeylərə, qullara; orta əsrlərdə feodal ağalara, vassallara, sex ustalarına, şagirdlərə, təhkimlilərə, həm də bu siniflərin demək olar, hər birində də xüsusi dərəcələrə rast gəlirik.

Dağılmış feodalizm cəmiyyətinin içərisindən meydana çıxan müasir burjua cəmiyyəti sinfi ziddiyyətləri məhv etmədi. Bu cəmiyyət ancaq köhnələrin əvəzinə yeni sinifləri, yeni zülm şəraitini və yeni mübarizə formalarını meydana gətirdi.

Lakin bizim dövr, burjuaziya dövrü bununla fərqlənir ki, o, sinfi ziddiyyətləri sadələşdirmişdir: cəmiyyət getdikcə daha artıq dərəcədə bir-birinə düşmən olan iki böyük cəbhəyə, bir-birinə qarşı duran iki böyük sinfə – burjuaziya ilə proletariata parçalanır. Orta əsrlərin təhkimlilərindən ilk şəhərlərin azad əhalisi meydana gəlmiş; həmin şəhərlilər silkindən burjuaziyanın ilk ünsürləri inkişaf etmişdir.

Amerikanın və Afrika ətrafından dəniz yolunun kəşf edilməsi yüksəlməkdə olan burjuaziya üçün yeni fəaliyyət sahəsi yaratdı. Ost-hind və Çin bazarları, Amerikanın məskunlaşdırılması, müstəmləkələrlə mübadilə, mübadilə vasitələrinin və ümumiyyətlə əmtəələrin miqdarının artması ticarətə, dənizçiliyə, sənayeyə o vaxta qədər misli görünməmiş bir təkan verdi və bununla da dağılmaqda olan feodalizm cəmiyyətində inqilabi ünsürün sürətlə inkişafına səbəb oldu.

Sənayenin əvvəlki feodal və ya sex quruluşu yeni bazarlarla birlikdə artan tələbi daha ödəyə bilmirdi. Onun yerini manufaktura tutdu. Orta sənaye silki sex ustalarını sıxışdırıb aradan çıxartdı; müxtəlif korporasiyalar arasındakı əmək bölgüsü yox olub öz yerini ayrıca bir emalatxana daxilində əmək bölgüsünə verdi.

Lakin bazarlar getdikcə böyüyür, tələb getdikcə artırdı. Bunu daha manufaktura da ödəyə bilmədi. Onda buxar və maşın sənayedə inqilab yaratdı. Manufakturanın yerini müasir iri sənaye tutdu, orta sənaye silkinin yerini milyoner sənayeçilər, bütöv sənaye ordularının başçıları, müasir burjualar tutdu.

İri sənaye Amerikanın kəşfi ilə hazırlanan ümumdünya bazarını yaratdı. Ümumdünya bazarı ticarətin, dənizçiliyin və qurudakı nəqliyyat vasitələrinin nəhəng inkişafına səbəb oldu. Bu isə öz növbəsində, sənayenin genişlənməsinə təsir göstərdi və sənaye, ticarət, dənizçilik, dəmir yollar artdığı dərəcədə də burjuaziya inkişaf edirdi, o, öz kapitallarını artırır və orta əsrlərdən irs qalmış bütöv sinifləri sıxışdırıb arxa sıraya atırdı.

Beləliklə, biz görürük ki, müasir burjuaziyanın özü uzun müddət davam edən bir inkişaf prosesinin, istehsal və mübadilə üsulunda bir sıra çevrilişlərin məhsuludur.

Burjuaziyanın inkişafındakı bu pillələrin hər birində müvafiq siyasi müvəffəqiyyət qazanılmışdır. Feodalların hökmranlığı dövründə məzlum silk olan burjuaziya kommunada4 silahlı və öz-özünü idarə edən assosiasiya olmuşdur, bir yerdə müstəqil şəhər respublikası olmuş, başqa bir yerdə monarxiyanın vergi verən üçüncü silki olmuş5, sonra, manufaktura dövründə isə silkli və ya mütləq monarxiyada zadəganların əksi olmuş və ümumiyyətlə iri monarxiyaların başlıca əsası olmuşdur, nəhayət, iri sənaye və ümumdünya bazarı yarandığı zamandan etibarən burjuaziya müasir nümayəndəli dövlətdə özü üçün müstəsna siyasi hökmranlıq qazanmışdır. Müasir dövlət hakimiyyəti – yalnız bütün burjuaziya sinfinin ümumi işlərini idarə edən bir komitədir.

Burjuaziya tarixdə son dərəcə inqilabi rol oynamışdır.

Burjuaziya hakimiyyət başına gəldiyi hər yerdə bütün feodal, patriarxal, idillik münasibətləri dağıtmışdır. O, insanı öz «təbii hökmdarlarına» bağlayan alabəzək feodal buxovlarını amansızlıqla qırmış və insanlar arasında quru bir mənfəətpərəstlik, amansız «nağd pul» əlaqəsindən başqa heç bir əlaqə saxlamamışdır. O, dini vəcd, cəngavər coşqunluğu və meşşan sentimentallığının müqəddəs həyəcanlarını fərdi mənfəətpərəstliyin buzlu sularında qərq etmişdir. O, insanın şəxsi ləyaqətini mübadilə dəyərinə çevirmiş, əta olunan və əldə edilən saysız-hesabsız azadlıqları yeganə vicdansız bir ticarət azadlığı ilə əvəz etmişdir. Bir sözlə, o, dini və siyasi xülyalar pərdəsinə bürünmüş istismarı açıq, həyasız, müstəqim və rəhmsiz bir istismarla əvəz etmişdir.

Burjuaziya o vaxta qədər şərəfli sayılan və ehtiramlı bir həyəcanla baxılan bütün fəaliyyət növlərini müqəddəslik haləsindən məhrum etmişdir. Həkimi, hüquqşünası, keşişi, şairi, elm adamını o özünün pulla tutulan muzdlu işçilərinə döndərmişdir.

Burjuaziya ailə munasibətlərinin incə sentimental pərdəsini atmış və bunları xalis pul münasibətlərindən ibarət etmişdir.

Burjuaziya göstərmişdir ki, orta əsrlərdə işlədilən və irticaçıları bu qədər heyran edən kobud zorakılıqla bərabər təbii olaraq tənbəllik və süstlük də var imiş. O ilk dəfə olaraq göstərmişdir ki, insan fəaliyyəti nələrə nail ola bilər. O heç də Misir ehramlarına, Roma su kəmərlərinə və qotik kilsələrə bənzəməyən incəsənət xarüqələri yaratmışdır; o, heç də xalqların köçməsinə və səlib yürüşlərinə bənzəməyən yürüşlər etmişdir.

Burjuaziya istehsal alətlərində daim çevrilişlər etmədən, deməli, istehsal münasibətlərini, habelə bütün ictimai münasibətlər məcmusunu inqilabiləşdirmədən mövcud ola bilməz. Bütün keçmiş sənaye siniflərinin mövcud olması üçün birinci şərt isə, əksinə, köhnə istehsal üsulunu dəyişməz şəkildə saxlamaq idi. İstehsaldakı aramsız çevrilişlər, bütün ictimai münasibətlərdə fasiləsiz sarsıntılar, daimi inamsızlıq və hərəkət burjua dövrünü bütün başqa dövrlərdən fərqləndirir. Donub qalmış və pas atmış bütün münasibətlər, bunlarla yanaşı olaraq əsrlər boyu müqəddəs sayılan təsəvvür və baxışlar dağılıb gedir, yeni əmələ gələnlərin hamısı hələ bərkişmədən köhnəlmiş olur. Silklərə məxsus və durğun olan hər şey yox olub gedir, müqəddəs sayılan hər şey murdarlanır və insanlar, nəhayət, həyatdakı vəziyyətlərinə və qarşılıqlı münasibətlərinə açıq gözlə baxmalı olurlar.

Məhsul satışını daim artırmaq tələbatı üzündən burjuaziya bütün yer üzünü dolaşır. O hər yerə soxulmalı, hər yerdə kök salmalı, hər yerdə əlaqə düzəltməli olur.

Burjuaziya ümumdünya bazarını istismar etmək yolu ilə bütün ölkələrin istehsal və istehlakını kosmopolitik şəklə salmışdır. İrticaçıların çox böyük təəssüfünə səbəb olsa da, o, sənayeni milli zəmindən məhrum etmişdir. Ən qədim milli sənaye sahələri məhv edilmiş və hər gün məhv edilməkdədir. Bunları yeni sənaye sahələri sıxışdırıb aradan çıxarır, yeni sənaye sahələrinin işə salınması bütün mədəni millətlər üçün ölüm-dirim məsələsi olur və bu sahələr daha yerli xammalı deyil, yer üzünün ən uzaq guşələrindən gətirilən xammalı emal edir, təkcə həmin ölkənin öz daxilində deyil, habelə dünyanın hər yerində işlədilən fabrik məhsulları hazırlayır. Vətən məhsulları ilə ödənilən köhnə tələbat əvəzinə yeni tələbat meydana gəlir və bunu ödəmək üçün ən uzaq ölkələrin və ən müxtəlif iqlimli yerlərin məhsulları tələb olunur. Köhnə yerli və milli qapalılığın və öz istehsal məhsulları hesabına yaşamağın yerini millətlərin hərtərəfli əlaqəsi və onların bir-birindən hərtərəfli asılılığı tutur. Bu eyni dərəcədə həm maddi, həm də mənəvi istehsala aiddir. Ayrı-ayrı millətlərin mənəvi fəaliyyətinin bəhrələri ümumi mal olur. Milli birtərəflilik və məhdudluq getdikcə daha da qeyri-mümgün olur, bir çox milli və yerli ədəbiyyatdan bir ümumdünya ədəbiyyatı yaranır.

Burjuaziya bütün istehsal alətlərini sürətlə təkmilləşdirmək və nəqliyyat vasitələrini sonsuz dərəcədə asanlaşdırmaq yolu ilə bütün millətləri, hətta ən barbar millətləri də mədəniyyətə cəlb edir. Burjuaziyanın əmtəələri ucuz qiymətə olur və bu ağır artilleriyanın köməyi ilə o hər cür Çin səddini yıxıb dağıdır və barbarların xaricilərə qarşı ən qızğın nifrətini təslim olmağa vadar edir. O bütün millətləri məhv olmaqla qorxudaraq burjua istehsal üsulunu qəbul etməyə məcbur edir, öz yerlərində onları mədəniyyət deyilən şeyi tətbiq etməyə, yəni burjua olmağa vadar edir. Bir sözlə, o özü üçün özünə bənzər və özü kimi bir aləm yaradır.

Burjuaziya kəndi şəhərin hökmranlığına tabe etmişdir. O, çox böyük şəhərlər yaratmış, kənd əhalisinə nisbətən şəhər əhalisinin sayını son dərəcə artırmış və beləliklə, əhalinin xeyli hissəsini avam kənd həyatından ayırmışdır. O, kəndi şəhərdən asılı etdiyi kimi, barbar və yarım barbar ölkələri də mədəni ölkələrdən, kəndli xalqları burjua xalqlardan, Şərqi Qərbdən asılı etmişdir.

Burjuaziya istehsal vasitələrinin, mülkiyyətin və əhalinin dağınıqlığını getdikcə daha çox məhv edir. O, əhalini sıxlaşdırmış, istehsal vasitələrini mərkəzləşdirmiş, mülkiyyəti az bir miqdar adamın əlində təmərküzləşdirmişdir. Bunun zəruri nəticəsi siyasi mərkəzləşmə olmuşdur. Müxtəlif mənafeyi, qanunları, hökumətləri, gömrük vergiləri olan və bir-biri ilə, demək olar, yalnız ittifaq münasibətləri saxlayan müstəqil əyalətlər bir hökuməti, bir qanunvericiliyi, bir milli sinfi mənafeyi, bir gömrük sərhədi olan bir millət halında birləşmiş oldular.

Burjuaziya yüz ildən az davam edən öz sinfi hökmranlığı zamanı bütün əvvəlki nəsillərin hamısının yaratdığından sayca daha çox və daha əzəmətli məhsuldar qüvvələr yaratmışdır. Təbiət qüvvələri ram edilmiş, maşınlı istehsal yaradılmış, sənaye və əkinçilikdə kimya tətbiq edilmiş, buxar gəmiləri işə salınmış, dəmir yollar, elektrik teleqrafı çəkilmiş, yer üzünün bütöv qitələrindən əkinçilik üçün istifadə edilməyə başlamış, çaylar kəmiçilik üçün yararlı hala salınmış, sanki yer altından böyük əhali kütlələri meydana gəlmişdir, – keçən əsrlərdən hansı güman edə bilərdi ki, ictimai əmək daxilində bu qədər məhsuldar qüvvələr yatıb qalır!

Beləliklə, biz gördük ki, burjuaziyanın əmələ gəlməsi üçün əsas təşkil edən istehsal və mübadilə vasitələri feodalizm cəmiyyətində yaranmışdır. Bu istehsal və mübadilə vasitələri muəyyən inkişaf pilləsinə çatdıqda, feodalizm cəmiyyətindəki istehsal və mübadilə münasibətləri, əkinçilik və sənayenin feodal qaydasında təşkili, bir sözlə, feodal mülkiyyət münasibətləri inkişaf etmiş məhsuldar qüvvələrə daha uyğun gəlmədi. Onlar istehsalı inkişaf etdirmək əvəzinə onu ləngidirdi. Onlar istehsal üçün bir buxov olmuşdu. Bu buxovları qırıb dağıtmaq lazım idi və onlar dağıdıldı.

Onların yerini azad rəqabət tutdu, buna müvafiq ictimai və siyasi quruluş, burjuaziya sinfinin iqtisadi və siyasi hökmranlığı əmələ gəldi.

Bizim gözümüz qarşısında da belə bir hərəkət baş verir. Burjua istehsal və mübadilə münasibətlərinə, burjua mülkiyyət münasibətlərinə malik olan və sanki ecazkarlıqla bu qədər qüdrətli istehsal və mübadilə vasitələri yaratmış olan müasir burjua cəmiyyəti öz əfsunlarının yer altından çağırdığı qüvvələrin daha öhdəsindən gələ bilməyən bir sehrbaza bənzəyir. Artıq on illərdən bəri sənaye və ticarətin tarixi müasir istehsal münasibətlərinə qarşı, burjuaziyanın və onun hökmranlığının varlığı üçün şərt olan mülkiyyət münasibətlərinə qarşı müasir məhsuldar qüvvələrin yalnız həyəcanı tarixindən ibarətdir. Vaxtaşırı təkrar olunub, bütün burjua cəmiyyətinin varlığını getdikcə daha böyük bir zəhmlə təhlükə altına alan ticarət böhranlarını göstərmək kifayətdir. Ticarət böhranları zamanı hər dəfə nəinki hazırlanmış məhsulların, hətta yaradılmış məhsuldar qüvvələrin də xeyli hissəsi məhv edilir. Böhranlar zamanı, bütün əvvəlki dövrlərə mənasız bir şey kimi görünə bilən ictimai epidemiya – ifrat istehsal epidemiyası baş verir. Cəmiyyət birdən-birə geriyə atılır, qəflətən başlanan barbarlıq halına düşür, sanki aclıq, ümumi dağıdıcı bir müharibə cəmiyyəti bütün həyat vasitələrindən məhrum etmişdir; elə bil sənaye və ticarət məhv edilmişdir, – həm da nəyə görə? Ona görə ki, cəmiyyət olduqca çox mədaniyyətə malikdir, onun olduqca çox yaşayış vasitələri var, olduqca böyük sənaye və ticarəti vardır. Onun ixtiyarında olan məhsuldar qüvvələr daha burjua mülkiyyət münasibətlərinin inkişafına xidmət etmir; əksinə, bu qüvvələr həmin münasibətlər üçün həddindən çox böyük olmuşdur, burjua münasibətləri bu qüvvələrin inkişafını ləngidir, buna görə də məhsuldar qüvvələr həmin sədləri aşmağa başladıqda, bütün burjua cəmiyyətini sarsıdır, burjua mülkiyyətinin varlığını təhlükə altına alır. Burjua münasibətləri məhsuldar qüvvələrin yaratdığı sərvəti öz içərisinə sığışdırmaqda çox məhdud olmuşdur. – Burjuaziya böhranları na yolla aradan qaldırır? Bir tərəfdən külli miqdar məhsuldar qüvvələri məcburiyyət üzündən məhv etmək yolu ilə, digər tərəfdən, yeni bazarlar tutmaq və köhnə bazarları daha çox istismar etmək yolu ilə. Deməli, nə ilə? Daha geniş, daha sarsıdıcı böhranlar hazırlamaqla və bunlara müqavimət göstərə biləcək vasitələri azaltmaqla.

Feodalizmi yıxarkən burjuaziyanın istifadə etdiyi silah indi burjuaziyanın özünə qarşı yönəldilir.

Lakin burjuaziya nəinki onu məhv edəçək bir silah hazırlamışdır; o, həmçinin bu silahı ona qarşı çevirəcək adamları da – müasir fəhlələri, proletarları da yaratmışdır.

Burjuaziya, yəni kapital nə dərəcədə inkişaf edirsə, proletariat, müasnr fəhlələr sinfi də eyni dərəcədə inkişaf edir; bu fəhlələr yalnız o zaman yaşaya bilərlər ki, iş tapa bilsinlər, işi isə yalnız o vaxta qədər tapa bilərlər ki, onların əməyi kapitalı artırsın. Özlərini tək-tək satmağa məcbur olan bu fəhlələr alınıb satıla bilən hər bir başqa şey kimi əmtəədirlər, buna görə də rəqabətdəki bütun təsadüflər, bazardakı bütün dəyişikliklər onlara da eyni dərəcədə təsir göstərir.

Maşın tətbiqinin və əmək bölgüsünün artması nəticəsində proletarların əməyi hər çür müstəqil xarakterini, bununla birlikdə isə fəhlə üçün hər cür marağı da itirmişdir. Fəhlə maşının sadəcə bir əlavəsi olur, ondan ən sadə, ən yeknəsəq və ən asanlıqla öyrənilə bilən işlər tələb olunur. Buna görə də fəhləyə çəkilən xərclər, demək olar, ancaq onu yaşatmaq və nəslini davam etdirmək üçün lazım gələn yaşayış vasitələrindən ibarət olur. Lakin hər bir əmtəənin, deməli, habelə əməyin6 də qiyməti onun istehsal xərclərinə bərabərdir. Buna görə də əməyin maraqsız olması nə qədər artırsa, əmək haqqı da bir o qədər azalır. Bundan əlavə: maşın tətbiqi və əmək bölgüsü nə qədər artırsa, istər iş saatlarının sayının artması hesabına, istərsə hər bir müəyyən müddət ərzində tələb olunan əməyin miqdarının artması, maşınların iş sürətinin artması və i. a. hesabına əməyin miqdarı da bir o qədər artır.

Müasir sənaye patriarxal ustanın kiçik emalatxanasını sənaye kapitalistinin iri fabrikinə çevirmişdir. Fabrikə toplanan fəhlə kütlələri əsgəri qaydada təşkil olunurlar. Onlar sənaye ordusunun sıravi əsgərləri olaraq tam bir iyerarxiya təşkil edən kiçik zabitlərin və zabitlərin nəzarəti altında saxlanırlar. Onlar təkcə burjuaziya sinfinin, burjua dövlətinin qulu olmaqla qalmırlar, maşın, nəzarətçi və ən əvvəl hər bir burjua-fabrikçi özü onları hər gün və hər saat əsarət altında saxlayır. Bu istibdadın güddüyü məqsədin qazanc götürmək olduğu nə qədər açıq bildirilirsə, bu istibdad bir o qədər alçaq və iyrənc olur, bir o qədər çox qəzəb doğurur.

Əl əməyi nə qədər az məharət və qüvvə tələb edirsə, yəni müasir sənaye nə qədər çox inkişaf edirsə, kişi əməyini qadın və uşaq əməyi bir o qədər çox sıxışdırıb aradan çıxarır. Fəhlə sinfinə mənsub olanların cins və yaş fərqləri hər bir ictimai əhəmiyyətini itirir. Burada yalnız yaş və cinsindən asılı olaraq müxtəlif xərc tələb edən işlək alətlər mövcuddur.

Fabrikaçı fəhlələri istismar edib qurtardıqda və fəhlə, nəhayət, öz əmək haqqıiı nəqd pulla aldıqda, burjuaziyanın başqa hissələri – ev sahibi, dükançı, sələmçi və s. onun üstünə atılır.

Orta silkin aşağı təbəqələri: xırda sənayeçilər, xırda alverçilər və rentaçılar, sənətkarlar və kəndlilər – bütun bu siniflər proletariat sıralarına enirlər, qismən ona görə ki, onların kiçik kapitalı iri sənaye müəssisələri düzəltmək üçün kifayət etmir və bu kapital daha böyük kapitalistlərin rəqabətinə davam gətirmir, qismən də ona görə ki, yeni istehsal metodları tətbiq edilməsi nəticəsində onların peşəkar məharəti qiymətdən düşür. Əhalinin bütün siniflərindən proletariat belə əmələ gəlir.

Proletariat müxtəlif inkişaf pillələrindən keçir. Onun burjuaziyaya qarşı mübarizəsi həyata qədəm qoyduğu gündən başlanır.

Əvvəlcə ayrı-ayrı fəhlələr, sonra bir fabrikin fəhlələri, daha sonra isə muəyyən bir yerdə bir əmək sahəsinin fəhlələri onları bilavasitə istismar edən ayrıca bir burjuaya qarşı mübarizə aparırlar. Fəhlələr öz zərbələrini təkcə burjua istehsal münasibətlərinə qarşı deyil, habelə istehsal alətlərinin özünə qarşı yönəldirlər; onlar rəqabət edən xarici əmtəələri məhv edir, maşınları sındırır, fabrikləri yandırır, orta əsr fəhləsinin əldən çıxmış vəziyyətini zorla bərpa etməyə çalışırlar.

Bu pillədə fəhlələr bütün ölkəyə səpələnmiş və rəqabət üzündən parçalanmış bir kütlə halındadırlar. Fəhlə kütlələrinin birliyi hələ özlərinin birləşməsi nəticəsi deil, yalnız burjuaziyanın birləşməsi nəticəsidir; burjuaziya isə öz siyasi məqsədlərinə çatmaq üçün bütün proletariatı hərəkətə gətirməlidir və hələlik onu hərəkətə gətirə bilər. Deməli, bu pillədə proletarlar öz düşmənlərinə qarşı deyil, düşmənlərinin düşmənlərinə qarşı – mütləq monarxiya qalıqlarına, torpaq sahiblərinə, sənayeçi olmayan burjualara, xırda burjualara qarşı mübarizə edirlər. Beləliklə, bütün tarixi hərəkat burjuaziyanın əlində cəmlənir; belə şəraitdə qazanılan hər bir qələbə burjuaziyanın qələbəsidir.

Lakin sənaye inkişaf etdikcə, proletariat nəinki sayca artır; o, böyük kütlələr halında toplaşır, onun qüvvəsi artır və o həmin qüvvəni getdikcə daha çox hiss edir. Maşınlar ayrı-ayrı əmək növləri arasındakı fərqləri get-gedə daha çox aradan qaldırdıqca və əmək haqqını, demək olar, hər yerdə eyni dərəcədə aşağı səviyyəyə saldıqca, proletariatın mənafeyi və həyat şəraiti də get-gedə daha artıq dərəcədə bərabərləşir. Burjualar arasında artmaqda olan rəqabət və bunun doğurduğu ticarət böhranları nəticəsində fəhlələrin əmək haqqı getdikcə daha az sabit olur; maşınların getdikcə daha sürətlə inkişaf edib arası kəsilmədən təkmilləşməsi üzündən proletarların həyat vəziyyəti getdikcə daha az təmin edilmiş olur; ayrıca bir fəhlə ilə ayrıca bir burjua arasındakı toqquşmalar getdikcə daha artıq dərəcədə iki sinif arasındakı toqquşma xarakteri alır. Fəhlələr başlayıb burjualara qarşı koalisiyalar7 təşkil edirlər; onlar öz əmək haqlarını müdafiə etmək üçün birgə çıxış edirlər. Onlar baş verə biləcək toqquşmalar zamanı özlərini vəsaitlə təmin etmək üçün hətta daimi assosiasiyalar təsis edirlər. Bəzi yerlərdə mübarizə açıq üsyanlara çevrilir.

Fəhlələr arabir qalib gəlirlər, lakin bu qələbələr yalnız keçici bir qələbədir. Onların apardığı mübarizənin həqiqi nəticəsi bilavasitə müvəffəqiyyət olmayıb, fəhlələrin getdikcə daha geniş miqyasda birləşməsi olur. İri sənayenin yaratdığı və müxtəlif yerlərin fəhlələri arasında əlaqə düzəldən nəqliyyat vasitələrinin daim artması fəhlələrin birləşməsinə kömək edir. Hər yerdə eyni xarakter daşıyan mübarizənin bir çox yerli ocaqlarını mərkəzləşdirib vahid milli, sinfi mübarizə halına salmaq üçün də yalnız bu əlaqə lazımdır. Hər bir sinfi mübarizə isə siyasi mübarizədir. Orta əsrlərdə kəndarası yollar şəraitində şəhərlilərin birləşməsi üçün yüz illər lazım gəldiyi halda, dəmir yollar sayəsində müasir proletarlar bir neçə il ərzində birləşirlər.

Proletarların bir sinif halında və beləliklə də siyasi partiya halında bu cür təşkil olunmasını fəhlələrin öz arasındakı rəqabət hər dəqiqə yenidən pozur. Lakin proletarlar daim yenidən təşkil olunur və onların təşkili hər dəfə daha güclü, daha möhkəm və daha qüdrətli olur. Proletarların təşkil olunması burjuaziyanın ayrı-ayrı təbəqələri arasındakı çəkişmələrdən istifadə edib, fəhlələrin ayrı-ayrı mənafeyini qanunvericilik yolu ilə qəbul etməyə məcbur edir. Məsələn, İngiltərədə on saatlıq iş günü haqqında qanun. Ümumiyyətlə, köhnə cəmiyyət daxilindəki toqquşmalar proletariatın inkişaf prosesinə bir çox cəhətdən kömək edir. Burjuaziya arası kəsilmədən mübarizə aparır: əvvəlcə aristokratiyaya qarşı, sonra da burjuaziyanın özünün o hissələrinə qarşı mübarizə aparır ki, bunların mənafeyi sənayenin tərəqqisinə zidd çıxır, habelə daim bütün xarici ölkələrin burjuaziyasına qarşı mübarizə edir. Bütün bu vuruşmalarda burjuaziya proletariata müraciət etməyə, onu köməyə çağırmağa və beləliklə də onu siyasi hərəkata cəlb etməyə məcburdur. Deməli, burjuaziya özü öz təhsilinin ünsürlərini8, yəni özünün əleyhinə olan bir silahı proletariata verir.

Sonra, gördüyümüz kimi, sənayenin tərəqqisi hakim sinfin bütöv təbəqələrini proletariatın sıralarına atır, yaxud, ən azı, onların həyat şəraiti üçün təhlükə yaradır. Onlar da proletariata böyük miqdarda təhsil ünsürləri gətirirlər.

Nəhayət, sinfi mübarizə qəti nöqtəyə yaxınlaşdığı dövrlərdə hakim sinif daxilində, bütün köhnə cəmiyyət daxilində pozulma prosesi elə coşqun, elə kəskin bir xarakter alır ki, hakim sinfin kiçik bir hissəsi öz sinfindən üz döndərir və inqilabçı sinfə, gələcəyin sahibi olacaq sinfə qoşulur. Buna görə də keçmişdə zadəganların bir hissəsi burjuaziyanın tərəfinə keçdiyi kimi, indi də burjuaziyanın bir hissəsi, yəni tarixi hərəkatın butün gedişini nəzəri cəhətdən başa düşmək dərəcəsinə yüksəlmiş olan burjua-ideoloqların bir hissəsi proletariatın tərəfinə keçir. İndi burjuaziyaya qarşı duran bütün siniflərdən yalnız proletariat həqiqətən inqilabçı sinifdir. İri sənaye inkişaf etdikcə, bütün başqa siniflər pozulub məhv olur, proletariat isə bu sənayenin öz məhsuludur.

Orta silklər: xırda sənayeçi, xırda alverçi, sənətkar və kəndli – bunların hamısı burjuaziya ilə ondan ötrü mübarizə edir ki, orta silk olmaq etibarı ilə öz varlığını məhv olmaqdan xilas etsin. Deməli, onlarda inqilabi əhvali-ruhiyyə deyil, mühafizəkar əhvali-ruhiyyə vardır. Hətta daha artıq, onlarda mürtəce əh-vali-ruhiyyə vardır. Onlar tarixin çarxını geri döndərməyə çalışırlar. Əgər onlarda inqilabi əhvali-ruhiyyə varsa, bu ancaq o halda olur ki, onlar proletariat sıralarına keçməli olsunlar, onlar öz hazırkı mənafeyini deyil, gələcək mənafeyini müdafiə etsinlər, öz nöqteyi-nəzərlərini tərk edib proletariatın nöqteyi-nəzərinə keçsinlər.

Köhnə cəmiyyətin ən aşağı təbəqələrinin çürüməsinin passiv məhsulu olan lümpen-proletariatı bəzi yerlərdə proletar inqilabı hərəkata cəlb edir, lakin lümpen-proletariat bütün öz həyat vəziyyətinə görə özünü mürtəce fitnələr üçün satmağa xeyli artıq dərəcədə maildir.

Köhnə cəmiyyətin həyat şəraiti proletariatın həyat şəraitində artıq məhv edilmişdir. Proletariatın mülkiyyəti yoxdur; onun öz arvad – uşağına olan münasibəti daha burjua ailə münasibətlərinə əsla bənzəmir; müasir sənaye əməyi, istər İngiltərədə, istərsə Fransada, istər Amerikada, istərsə Almaniyada eyni olan müasir kapital əsarəti proletarın hər cür milli xarakterini silib atmışdır. Qanunlar, əxlaq, din – bunların hamısı onun nəzərində burjuaziyanın mənafeyini pərdələyən burjua mövhumatından başqa bir şey deyildir.

Bütün əvvəlki siniflər, hökmranlığı əllərinə keçirdikdən sonra, həyatda əldə etmiş olduqları mövqeyi möhkəmlətməyə çalışaraq, bütün cəmiyyəti özlərinin mənimsəmə üsulunu təmin edən şəraitə tabe edirlər. Proletarlar isə yalnız özlərinin indiki mənimsəmə üsulunu, beləliklə də bütövlükdə indiyə qədər mövcud olan bütün mənimsəmə üsulunu məhv etdikdə, ictimai məhsuldar qüvvələri əldə edə bilərlər. Proletarların qorunulmalı olan heç bir şeyi yoxdur, onlar indiyə qədər xüsusi mülkiyyəti qoruyan və təmin edən hər şeyi dağıtmalıdırlar.

İndiyə qədər baş verən bütün hərəkat azlığın hərəkatı olmuş və ya azlığın mənafeyi üçün baş vermişdir. Proletar hərəkatı böyük çoxluğun mənafeyi üçün çoxluğun müstəqil hərəkatıdır. Rəsmi cəmiyyəti təşkil edən təbəqələrdən ibarət olub proletariat üzərində ucalan bütün üstqurum darmadağın olmasa, müasir cəmiyyətin ən aşağı təbəqəsi olan proletariat ayağa qalxıb qəddini düzəldə bilməz.

Proletariatın burjuaziyaya qarşı mübarizəsi məzmun etibarı ilə olmasa da, forma etibarı ilə əvvəlcə milli mübarizə olur. Hər bir ölkənin proletariatı əvvəlcə, əlbəttə, öz burjuaziyasını aradan qaldırmalıdır.

Biz proletariatın inkişafının ən ümumi mərhələlərini təsvir edərkən, mövcud cəmiyyət daxilində az-cox gizli şəkildə olan vətəndaş müharibəsini, onun açıq inqilaba çevrildiyi və proletariatın burjuaziyanı zorla yıxıb öz hökmranlığını qurduğu nöqtəyə qədər nəzərdən keçirdik.

Gördüyümüz kimi, indiyə qədər mövcud olan bütün cəmiyyətlər zalım siniflərlə məzlum siniflər arasındakı antaqonizmə əsaslanırdı. Lakin müəyyən bir sinfi zülm altında saxlamağın mümkün olması üçün elə bir şərait təmin etmək lazımdır ki, zülm edilən sinif, heç olmazsa, bir qul kimi dolana bilsin. Təhkimli vəziyyətində olan kəndli gəlib kommuna üzvü vəziyyətinə çatdığı kimi, feodal mütləqiyyətinin boyunduruğu altında olan xırda burjua da gəlib burjua vəziyyətinə çatmışdır. Müasir fəhlə isə, sənaye tərəqqi etdikcə, əksinə, öz sinfinin həyat şəraitindən yüksəyə qalxmaq deyil, getdikcə daha aşağı enir. Fəhlə pauper olur, pauperizm isə əhalidən və sərvətdən daha sürətlə artır. Bu aydın göstərir ki, burjuaziya daha cəmiyyətin hakim sinfi olaraq qalmağa və öz sinfinin həyat şəraitini tənzimedici bir qanun kimi bütün cəmiyyətə qəbul etdirməyə qabil deyildir. O, hökmranlıq etməyə qabil deyildir, çünki öz qulunun hətta qul səviyyəsində yaşamasını da təmin edə bilmir, çünki öz qulunun elə bir vəziyyətə enməsinə yol vermək məcburiyyətində qalır ki, bu zaman burjuaziya onun hesabına yeyib dolanmaq əvəzinə, özü onu yedizdirib dolandırmalı olur. Cəmiyyət daha burjuaziyanın hakimiyyəti altında yaşaya bilmir, yəni burjuaziyanın həyatı daha cəmiyyətə uyğun gəlmir.

Burjuaziya sinfinin varlığı və hökmranlığı üçün əsas şərt sərvətin xüsusi şəxslər əlində toplanması, kapitalın əmələ gəlməsi və artmasıdır. Kapitalın mövcud olması üçün şərt muzdlu əməkdir. Muzdlu əmək yalnız fəhlələrin öz arasındakı rəqabət gücünə davam edir. Sənayenin tərəqqisi – burjuaziya istər-istəməz bunu təmsil edir və buna müqavimət göstərməkdə acizdir, rəqabətin fəhlələri parçalaması əvəzində assosiasiya vasitəsi ilə onların inqilabi birliyini yaradır. Beləliklə, iri sənaye inkişaf etdikcə, burjuaziya məhsul istehsal etmək və mənimsəmək zəmininin özündən məhrum olur. O hər şeydən əvvəl öz qəbirqazanlarını yaradır. Burjuaziyanın məhv olması və proletariatın qalib gəlməsi eyni dərəcədə labüddür.

Ⅱ. Proletarlar Və Kommunistlər

Kommunistlərin ümumiyyətlə proletarlara münasibəti necədir?

Kommunistlər başqa fəhlə partiyalarına qarşı duran xüsusi bir partiya deyildirlər.

Onların bütövlükdə bütün proletariatın mənafeyindən ayrı olan heç bir mənafeyi yoxdur.

Onlar heç bir xüsusi9 prinsiplər irəli sürüb proletar hərəkatını bu prinsiplərə uyğunlaşdırmaq istəmirlər.

Kommunistlər başqa proletar partiyalarından yalnız bununla fərqlənirlər ki, onlar, bir tərəfdən, müxtəlif millətlərin proletarlarının mübarizəsində bütün proletariatın milliyyətdən asılı olmayan ümumi mənafeyini ayırıb müdafiə edirlər; digər tərəfdən, proletariatın burjuaziyaya qarşı mübarizəsinin keçdiyi muxtəlif inkişaf pillələrində onlar butövlükdə hərəkatın mənafeyini təmsil edirlər.

Deməli, kommunistlər praktikada bütün ölkələrin fəhlə partiyalarının həmişə irəliləməyə sövq edən10 ən qətiyyətli hissəsidir, nəzəri cəhətdən isə proletariatın qalan kütləsinə nisbətən onların üstünlüyü proletar hərəkatının şəraitini, gedişini və ümumi nəticələrini başa düşmələrindədir.

Kommunistlərin də ən yaxın məqsədi bütün qalan proletar partiyalarının ən yaxın məqsədinin eynidir: proletariatın sinif halında formalaşması, burjuaziya hökmranlığının devrilməsi, siyasi hakimiyyətin proletariat tərəfindən ələ alınması.

Kommunistlərin nəzəri müddəaları heç də dünyanı yeniləşdirmək xəyalına düşən bu və ya başqa bir şəxsin uydurduğu və ya quraşdırdığı ideyalara, prinsiplərə əsaslanmır.

Bu müddəalar davam edən sinfi mübarizədəki gerçək münasibətlərin yalnız ümumi ifadəsidir, gözümüzün qarşısında baş verən tarixi hərəkatın ifadəsidir. Keçmişdə mövcud olmuş mülkiyyət münasibətlərinin məhv edilməsi yalnız kommunizmə məxsus bir şey deyildir.

Bütün mülkiyyət münasibətləri tarix boyu daim bir-birini əvəz etmiş, tarix boyu daim dəyişilmişdir.

Məsələn, Fransa inqilabı feodal mülkiyyətini ləğv edib, onu burjua mülkiyyəti ilə əvəz etmişdir.

Kommunizmin fərqləndirici cəhəti ümumiyyətlə mülkiyyəti ləğv etmək deyil, burjua mülkiyyətini ləğv etməkdir.

Lakin muasir burjua xüsusi mülkiyyəti sinfi antaqonizmlərə, bəzilərinin başqalarını istismar etməsinə11 əsaslanan məhsul istehsalı və mənimsənilməsinin son və ən mükəmməl ifadəsidir.

Bu mənada kommunistlər özlərinin nəzəriyyəsini bir müddəa ilə ifadə edə bilərlər: xüsusi mülkiyyəti məhv etmək.

Biz kommunistləri ittiham edirdilər ki, biz şəxsən əldə edilən, öz əməyi ilə qazanılan mülkiyyəti, hər cür şəxsi azadlığın, fəaliyyətin və müstəqilliyin əsasını təşkil edən mulkiyyəti məhv etmək istəyirik.

Kəsb edilən, qazanılan, öz əməyi ilə əldə edilən bir mülkiyyət! Bəlkə siz burjua mülkiyyətindən əvvəlki xırda burjua, xırda kəndli mülkiyyətindən bəhs edirsiniz? Bu mülkiyyəti bizim məhv etməyimizə ehtiyac yoxdur, sənayenin inkişafı onu məhv etmiş və hər gün məhv etməkdədir.

Bəlkə də siz müasir burjua xüsusi mülkiyyətindən bəhs edirsiniz?

Məgər muzdlu əmək, proletarın əməyi ona mülkiyyət yaradırmı? Əsla yox. Bu əmək kapital yaradır, yəni muzdlu əməyi istismar edən bir mülkiyyət yaradır, həmin mülkiyyət isə yalnız bu şərtlə arta bilər ki, yenidən istismar etmək üçün yeni muzdlu əmək doğursun. Müasir şəkildə olan mülkiyyət kapital ilə muzdlu əmək arasındakı əkslik daxilində hərəkət edir. Bu əksliyin hər iki tərəfini nəzərdən keçirək.

Kalitalist olmaq istehsalda yalnız xalis şəxsi mövqe tutmaq deyil, habelə ictimai bir mövqe tutmaq deməkdir. Kapital kollektiv məhsuldur və ancaq cəmiyyətin bir çox üzvlərinin birgə fəaliyyəti ilə, nəticədə – cəmiyyətin yalnız bütün üzvlərinin birgə fəaliyyəti ilə hərəkətə gətirilə bilər.

Beləliklə, kapital – şəxsi quvvə deyil, ictimai quvvədir.

Deməli, kapital cəmiyyətin butün üzvlərinə məxsus olan kollektiv mülkiyyətə çevrilsə, bu, şəxsi mülkiyyətin ictimai mülkiyyətə çevrilməsi demək olmaz. Mülkiyyətin ancaq ictimai xarakteri dəyişilər. Mülkiyyət öz sinfi xarakterini itirər.

Muzdlu əməyə keçək.

Muzdlu əməyin orta qiyməti əmək haqqı minimumudur, yəni fəhləni bir fəhlə olaraq yaşatmaq üçün zəruri olan yaşayış vasitələrinin məcmusudur. Deməli, muzdlu fəhlənin öz fəaliyyəti nəticəsində mənimsədiyi şey onun həyatının təkrar istehsalı üçün güclə kifayət edir. Bilavasitə həyatın təkrar istehsalı üçün olan əmək məhsullarının bu şəxsi mənimsənilməsini, özgə əməyi üzərində hökmranlıq yarada biləcək heç bir artıq şey saxlamayan mənimsənilməsini biz əsla məhv etmək niyyətində deyilik. Biz mənimsəmənin yalnız elə miskin bir xarakterini məhv etmək istəyirik ki, bu zaman fəhlə ancaq kapitalı artırmaq üçün yaşayır və yalnız hakim sinfin mənafeyi tələb etdiyinə görə yaşayır.

Burjua cəmiyyətində canlı əmək ancaq toplanmış əməyi artırmaq vasitəsidir. Kommunizm cəmiyyətində toplanmış əmək ancaq fəhlələrin həyat prosesini genişləndirmək, zənginləşdirmək, yüngülləşdirmək vasitəsidir.

Beləliklə, burjua cəmiyyətində keçmiş hal-hazırın üzərində, kommunizm cəmiyyətində isə hal-hazır keçmişin üzərində hökmranlıq edir. Burjua cəmiyyətində kapital müstəqilliyə və fərdliyə malikdir, halbuki zəhmətkeş fərd müstəqillikdən məhrumdur və simasızlaşdırılmışdır.

Məhz bu münasibətlərin məhv edilməsini burjuaziya şəxsiyyətin və azadlığın ləğv edilməsi adlandırır! Haqqı da var. Doğrudan da, burjua şəxsiyyətini, burjua müstəqilliyini və burjua azadlığını ləğv etməkdən bəhs olunur. İndiki burjua istehsal münasibətləri çərçivəsi daxilində azadlıq dedikdə, ticarət azadlığını, alqı-satqı azadlığını nəzərdə tuturlar.

Lakin alverçilik aradan qalxdıqda, azad alverçilik də aradan qalxacaqdır. Azadlıq haqqında bizim burjuaların bütün başqa dəbdəbəli nitqləri kimi, azad alverçilik haqqındakı danışıqlar da alverçiliyi, burjua istehsal münasibətlərini və burjuaziyanın özünü kommunistcəsinə məhv etməyə aid deyil, ümumiyyətlə ancaq orta əsrlər dövrunün azad olmayan alverçiliyinə, əsarətdə olan şəhərlisinə aid ola bilər.

Bizim xüsusi mülkiyyəti məhv etmək istədiyimiz sizi dəhşətə salır. Lakin sizin indiki cəmiyyətinizdə onun üzvlərinin onda doqquzu uçün xüsusi mülkiyyət məhv edilmişdir; bu xüsusi mülkiyyət məhz ona görə mövçuddur ki, çəmiyyət üzvlərinin onda doqquzu üçün xüsusi mulkiyyət mövcud deyildir. Deməli, siz bizi onda ittiham edirsiniz ki, biz cəmiyyətin olduqca böyuk çoxluğunun mülkiyyəti olmaması kimi bir zəruri şərtlə bağlı olan mülkiyyəti məhv etmək istəyirik.

Bir sözlə, siz bizi onda ittiham edirsiniz ki, biz sizin mülkiyyətinizi məhv etmək istəyirik. Bəli, biz doğrudan da bunu etmək istəyirik. Siz deyirsiniz ki, əməyin daha kapitala, pula, torpaq rentasına, müxtəsər, inhisar altına alına bilən ictimai qüvvəyə döndərilə bilməyəcəyi zamandan etibarən, yəni şəxsi mülkiyyətin daha burjuaziya mülkiyyətinə çevrilə bilməyəcəyi zamandan etibarən şəxsiyyət məhv edilmiş olur.

Deməli, siz etiraf edirsiniz ki, burjuadan, yəni burjua mülkiyyətçisindən başqa heç kəsi şəxsiyyət hesab etmirsiniz. Belə bir şəxsiyyət doğrudan da məhv edilməlidir.

Kommunizm ictimai məhsulları mənimsəmək imkanını heç kəsin əlindən almır, kommunizm yalnız bu mənimsəmə vasitəsi ilə özgə əməyini əsarət altına almaq imkanını aradan qaldırır.

Etiraz edib deyirdilər ki, guya xüsusi mülkiyyət məhv edildikdə, hər cür fəaliyyət dayanar və ümumi bir tənbəllik hökm sürər.

Belə olsaydı, tənbəllik üzündən burjua cəmiyyəti çoxdan məhv olmalı idi, çünki burada zəhmət çəkənlər heç bir şey əldə etmir, əldə edənlər isə zəhmət çəkmirlər. Bütün bu qorxular belə bir tavtologiyadan ibarət olur ki, daha kapital mövcud olmadığına görə, muzdlu əmək də daha yoxdur.

Maddi məhsulların kommunistcəsinə mənimsənilməsi və istehsalı üsuluna qarşı yönəldilən bütün etirazlar əqli əmək məhsullarının mənimsənilməsinə və istehsalına da aiddir. Sinfi mülkiyyətin məhv edilməsi burjuanın nəzərində istehsalın özünün məhv edilməsi demək olduğu kimi, sinfi təhsilin məhv edilməsi də onun nəzərində ümumiyyətlə təhsilin məhv edilməsi deməkdir.

Məhv olacağına burjuanın yas tutduğu təhsil böyük çoxluq üçün maşının əlavəsinə çevrilmək deməkdir.

Lakin burjua mülkiyyətinin ləğv edilməsini azadlıq, təhsil, hüquq və i. a. haqqındakı öz burjua təsəvvürləriniz nöqteyi-nəzərindən qiymətləndirib bizimlə mübahisə etməyin. Sizin ideyalarınızın özü burjua istehsal münasibətlərinin və burjua mülkiyyət münasibətlərinin məhsuludur, eynilə də sizin hüququnuz öz sinfinizin ancaq qanun dərəcəsinə yüksəldilmiş iradəsidir, bu iradənin məzmunu isə öz sinfinizin maddi həyat şəraiti ilə müəyyən edilir.

Öz istehsal və mülkiyyət münasibətlərinizi istehsalın inkişafı prosesində keçici olan tarixi münasibətlərdən təbiət və zəkanın əbədi qanunlarına çevirməyə sizi vadar edən qərəzli təsəvvürünüz keçmişdə hökm sürüb məhv olmuş bütün siniflərin təsəvvürünün eynidir. Antik və ya feodal mülkiyyəti barəsində sizə aydın görünən şeyi burjua mülkiyyətindən bəhs olunarkən siz daha başa düşmək cəsarətində olmursunuz.

Ailənin məhv edilməsi! Ən ifrat radikallar da kommunistlərin bu iyrənc niyyətindən hiddətlənirlər.

Müasir ailə, burjua ailəsi nəyə əsaslanır? Kapitala, xüsusi varlanmaya. Tamamilə inkişaf etmiş şəkildə bu ailə ancaq burjuaziya üçün mövcuddur; lakin onun belə bir əlavəsi də vardır ki, proletarlar məcburiyyət üzündən ailəsiz qalır və açıq fahişəlik baş verir.

Burjua ailəsinin bu əlavəsi aradan qalxdıqda, təbii olaraq, bu ailə də aradan qalxır və kapital yox olduqda, bunların hər ikisi yox olacaqdır.

Bəlkə siz bizi ittiham edirsiniz ki, biz ata-anaların öz uşaqlarını istismar etməsinə son qoymaq istəyirik? Biz bu cinayati etiraf edirik.

Lakin siz iddia edirsiniz ki, biz ev tərbiyəsini ictimai tərbiyə ilə əvəz etməklə, insan üçün ən əziz olan münasibətləri məhv etmək istəyirik.

Məgər sizin tərbiyənizi cəmiyyət müəyyən etmirmi? Məgər bu tərbiyəni sizin tərbiyə verdiyiniz şəraitdəki ictimai münasibətlər müəyyən etmirmi, məktəb və i. a. vasitəsi ilə cəmiyyətin bilavasitə və ya dolayı müdaxiləsi müəyyən etmirmi? Kommunistlər tərbiyəyə cəmiyyətin təsirini uydurmurlar; onlar yalnız tərbiyənin xarakterini dəyişdirir, onu hakim sinfin təsiri altından çıxarırlar.

İri sənayenin inkişafı nəticəsində proletariat arasında bütün ailə əlaqələri nə qədər çox pozulursa, uşaqlar nə qədər çox adi alver şeylərinə və iş alətlərinə çevrilirsə, ailə və tərbiyə haqqında, ata-ana ilə uşaqlar arasında mehriban münasibətlər haqqında burjua boşboğazlıqları da bir o qədər çox nifrət oyadır.

Lakin butün burjuaziya bir ağızdan bağırıb bizə deyir ki, siz kommunistlər arvadları ümumiləşdirmək istəyirsiniz.

Burjua öz arvadına adi bir istehsal aləti kimi baxır. O eşidir ki, istehsal alətlərini ümumi istifadəyə vermək nəzərdə tutulur, buna görə, əlbəttə, belə bir fikirdən uzaqlaşa bilmir ki, qadınların da başına bu cür bir iş gələcəkdir.

O heç xəyalına da gətirmir ki, burada qadının məhz adi bir istehsal aləti olması vəziyyətini aradan qaldırmaqdan bəhs olunur.

Kommunistlərdə arvadların guya rəsmi ümumiliyi barəsində bizim burjuaların yüksək əxlaq sahibləri kimi dəhşətə gəlmələrindən daha külünc bir şey yoxdur. Kommunistlərin arvadları ümumiləşdirmələrinə ehtiyac yoxdur, bu ümumilik, demək olar, hər zaman mövcud olmuşdur.

Bizim burjualar, rəsmi fahişəlik hələ bir yana qalsın, öz fəhlələrinin arvad və qızlarının onların ixtiyarında olması ilə kifayətlənməyərək, bir-birinin arvadlarını ələ keçirməkdən xüsusi bir həzz alırlar.

Burjua kəbini əslində arvadların ümumiliyi deməkdir. Kommunistləri bəlkə də ancağ bunda ittiham etmək olardı ki, guya onlar arvadların riyakarlıqla pərdələnən gizli ümumiliyi əvəzinə rəsmi, açıq ümumiliyini həyata keçirmək istəyirlər. Lakin özlüyündə aydındır ki, indiki istehsal munasibətləri məhv edildikdə, bu münasibətlərdən doğan arvad umumiliyi də, yəni rəsmi və qeyri-rəsmi fahişəlik də yox olacaqdır.

Sonra, kommunistləri ittiham edirlər ki, kuya onlar vətəni, milliyyəti ləğv etmək istəyirlər.

Fəhlələrin vətəni yoxdur. Fəhlələrin olmayan bir şeyini onların əlindən almaq da olmaz. Proletariat ən əvvəl siyasi hökmranlığı ələ almalı, milli sinif vəziyyətinə çatmalı12 və bir millət kimi təşəkkül tapmalı olduğundan özü hələ millidir, hərçənd bu millilik heç də burjuaziyanın anladığı mənada deyildir.

Burjuaziya inkişaf etdikcə, ticarət azadlığı, ümumdünya bazarı yarandıqca, sənaye istehsalı və buna uyğun olan həyat şəraiti eyniləşdikcə, xalqların milli ayrılığı və əkslikləri getdikcə daha çox aradan qalxır.

Proletariatın hökmranlığı bunların aradan qalxmasını daha çox sürətləndirəcəkdir. Qüvvələri birləşdirmək, heç olmazsa, mədəni ölkələrin qüvvələrini birləşdirmək proletariatın azad olması üçün ilk şərtlərdən biridir.

Bir fərdi başqa fərdin istismar etməsi məhv edildiyi dərəcədə, bir milləti başqa millətin istismar etməsi də məhv ediləcəkdir.

Millətlər daxilində siniflərin antaqonizmi ilə birlikdə millətlər arasındakı düşmənçilik münasibətləri də yox olub gedəcəkdir.

Dini, fəlsəfi və ümumiyyətlə ideoloji nöqteyi-nəzərlərdən kommunizmə qarşı irəli sürülən ittihamları ətraflı nəzərdən keçirməyinə dəyməz.

İnsanların həyat şəraiti, onların ictimai münasibətləri, onların ictimai varlığı ilə birlikdə onların təsəvvürlərinin, baxışlarının və anlayışlarının, bir sözlə, onların şüurunun da dəyişildiyini anlamaq üçün məgər xüsusi bir dərin düşüncəmi lazımdır? İdeyalar tarixi mənəvi istehsalın maddi istehsalla birlikdə dəyişildiyini deyilsə, bəs nəyi sübut edir? hər hansı zəmanənin hakim ideyaları həmişə ancaq hakim sinfin ideyaları olmuşdur.

Bütün cəmiyyəti inqilabiləşdirən ideyalardan bəhs edirlər; bununla da yalnız belə bir faktı ifadə edirlər ki, köhnə cəmiyyət daxilində yeni cəmiyyətin ünsürləri əmələ gəlmişdir, köhnə həyat şəraitinin dağılması ilə yanaşı köhnə ideyalar da dağılır.

Qədim dünya məhv olmağa üz qoyduğu zaman xristian dini qədim dinləri məğlub etdi. ⅩⅧ əsrdə maarifçilik ideyalarının zərbələri altında xristianlıq ideyaları məhv olduğu zaman feodalizm cəmiyyəti o vaxt inqilabçı olan burjuaziya ilə ölüm-dirim döyüşünə kirmişdi. Viçdan və din azadlığı ideyaları bilik sahəsində yalnız azad rəqabətin hökmranlığını ifadə edirdi.

Bizə deyə bilərlər: «lakin dini, mənəvi, fəlsəfi, siyasi, hüquqi ideyalar və i. a. tarixi inkişaf gedişində, əlbəttə, dəyişilmişdir. Din, əxlaq, fəlsəfə, siyasət, hüquq isə arasıkəsilməyən bu dəyişilmə zamanı daim qalmışdır.

Bundan əlavə, ictimai inkişafın bütün mərhələləri üçün ümumi olan azadlıq, ədalət və i. a. kimi əbədi həqiqətlər vardır. Kommunizm isə əbədi həqiqətləri ləğv edir, dini, əxlaqı yeniləşdirmək əvəzinə bunları ləğv edir; deməli, kommunizm tarixi inkişafın bütün əvvəlki gedişinə ziddir».

Bu ittiham nədən ibarətdir? İndiyə qədər mövcud olmuş bütün cəmiyyətlərin tarixi müxtəlif dövrlərdə müxtəlif şəkillər alan sinfi əksliklər daxilində hərəkət etmişdir.

Lakin bu əksliklər nə kimi formalarda olsa da, cəmiyyətin bir hissəsini digər hissəsinin istismar etməsi bütün keçmiş əsrlər üçün ümumi olan bir faktdır. Buna görə də təəccüblü deyildir ki, bütün əsrlərdəki ictimai şüur, bütün müxtəlifliyinə və bütün fərqlərinə baxmayaraq, müəyyən ümumi formalarda hərəkət edir, elə şüur formalarında hərəkət edir ki, bunlar yalnız siniflərin əksliyi qəti surətdə yox olacağı zaman tamamilə yox olacaqdır.

Kommunist inqilabı keçmişdən irs qalan mülkiyyət münasibətləri ilə əlaqənin ən qəti surətdə kəsilməsi deməkdir; təaçcüblü deyildir ki, öz inkişafı gedişində bu inqilab keçmişdən irs qalan ideyalarla əlaqəni ən qəti surətdə kəsir.

Lakin burjuaziyanın kommunizmə qarşı etirazlarını bir kənara qoyaq.

Biz artıq yuxarıda gördük ki, fəhlə inqilabında birinci addım proletariatın hakim sinfə çevrilməsi, demokratiya əldə edilməsidir.

Proletariat öz siyasi hökmranlığından bütün kapitalı addımbaadım burjuaziyanın əlindan almaq, bütün istehsal alətlərini dövlətin, yəni hakim sinif halında təşkil olunmuş proletariatın əlində mərkəzləşdirmək və məhsuldar qüvvələr məcmusunu mümkün qədər sürətlə artırmaq üçün istifadə edəcəkdir.

Bu, əlbəttə, əvvəlcə mülkiyyət hüququna və burjua istehsal münasibətlərinə ancaq zorakı müdaxilə vasitəsi ilə, yəni iqtisadi cəhətdən yarıtmaz və əsassız görünən, lakin hərəkət gedişində böyüyüb öz çərçivəsindən kənara çıxan[ref]1888-ci il ingiliscə nəşrində «böyüyüb öz çərçivəsndən kənara çıxan» sözlərindən sonra «köhnə ictimai quruluş üzərinə yeni həmlələri zəruri edən» sözləri əlavə olunmuşdur. Red. və bütün istehsal üsulunda çevriliş üçün bir vasitə kimi labüd olan tədbirlər vasitəsi ilə mümkündür.

Əlbəttə, müxtəlif ölkələrdə bu tədbirlər müxtəlif olacaqdır.

Lakin ən qabaqcıl ölkələrin, demək olar, hamısında aşağıdakı tədbirlər tətbiq edilə bilər:

  1. Torpaq mülkiyyətindən məhrum etmək və torpaq rentasından dövlət xərclərinin ödənilməsi üçün istifadə etmək.

  2. Yüksək mütərəqqi vergi.

  3. Vərəsəlik hüququnu, ləğv etmək.

  4. Bütün mühacirələrin və qiyamçıların əmlakını müsadirə etmək.

  5. Dövlət kapitalına və müstəsna inhisara malik milli bank vasitəsi ilə krediti dövlət əlində mərkəzləşdirmək.

  6. Bütün nəqliyyatı dövlətin əlində mərkəzləşdirmək.

  7. Ümumi plan üzrə dövlət fabriklərinin, istehsal alətlərinin sayını artırmaq, torpaqları əkin üçün təmizləmək və yaxşılaşdırmaq.

  8. Əməyin hamı üçün eyni dərəcədə məcburiliyi, sənaye orduları təşkil etmək, xüsusən əkinçilik üçün belə ordular təşkil etmək.

  9. Əkinçiliyi sənaye ilə birləşdirmək, şəhərlə kənd arasındakı fərqin13 tədricən aradan qaldırılmasına kömək etmək.

  10. Bütün uşaqlara ictimai və pulsuz tərbiyə vermək. Fabriklərdə müasir formadakı uşaq əməyini aradan qaldırmaq. Tərbiyəni maddi istehsalla birləşdirmək və i. a.

İnkişaf gedişində sinfi fərqlər məhv olacağı və butün istehsal fərdlərin assosiasiyası əlində toplaşacağı zaman ictimai hakimiyyət öz siyasi xarakterini itirəcəkdir. Sözün əsil mənasında siyasi hakimiyyət bir sinfi əzmək üçün digər sinfin mütəşəkkil zorakılığıdır. Burjuaziyaya qarşı mübarizədə proletariat hökmən bir sinif halında birləşirsə, inqilab yolu ilə özünü hakim sinfə çevirirsə və hakim sinif olub köhnə istehsal münasibətlərini zorla ləğv edirsə, bu istehsal münasibətləri ilə birlikdə o, sinfi əksliyin mövcud olması şəraitini məhv edir, ümumiyyətlə sinifləri məhv edir, bununla birlikdə bir sinif olmaq etibarı ilə öz hökmranlığını da məhv edir.

Siniflərin və sinfi əksliklərin mövcud olduğu köhnə burjua cəmiyyətinin yerini elə bir assosiasiya tutur ki, burada hər kəsin azad inkişafı hamının azad inkişafı üçün şərtdir.

Ⅲ. Sosialist Və Kommunist Ədəbiyyati

1. Mürtəce Sosializm

a) Feodal sosializmi

Fransız və ingilis aristokratiyası öz tarixi vəziyyətinə görə, müasir burjua cəmiyyəti əleyhinə həcvlər yazmalı olmuşdur. Fransada 1830-cu il iyul inqilabında və İngiltərədə parlament islahatı uğrundakı hərəkatda mənfur bir törəmə bu aristokratiyanı bir daha məğlub etdi. Ciddi siyasi mübarizə barəsində daha danışıq da ola bilməzdi. Aristokratiyaya ancaq ədəbi mübarizə qalırdı. Lakin ədəbiyyat sahəsində də Restavrasiya14 dövründəki köhnə ibarələr artıq mumkün deyildi. Aristokratiya rəğbət qazanmaq üçün özünü elə göstərməli idi ki, guya o daha öz mənafeyinin fikrinə qalmır və ancaq istismar olunan fəhlə sinfinin mənafeyini nəzərə alıb burjuaziyaya qarşı öz ittihamnaməsini tərtib edir. Aristokratiya özünün yeni hökmdarına həcvlər yazmaqdan və onun qulağına gələcək haqqında az-çox pis xəbərlər pıçıldamaqdan həzz alırdı.

Beləliklə, yarı dəfn nəğməsi – yarı həcv, yarı keçmişin sədası – yarı gələcəyin hədəsi olan bir feodal sosializmi əmələ gəldi ki, bu da çox zaman öz acı, kəskin, zəhərli hökmü ilə burjuaziyanın bağrını yarır, lakin müasir tarixin gedişini anlamaqda tam acizliyi ilə həmişə gülünc təsir bağışlayırdı.

Aristokratiya xalqı öz dalınca aparmaq üçün proletariatın dilənçi torbasını əldə bayraq etmişdi. Lakin hər dəfə xalq aristokratiyanın dalınca getdikdə, onun yançağında köhnə feodal gerblərini görür, ucadan və ehtiramsızlıqla qəhqəhə çəkərək qaçıb dağılırdı.

Fransa legitimistlərinin bir hissəsi və «Gənc İngiltərə15» belə bir komediya oynamaqla məşğul olurdu.

Əgər feodallar öz istismar üsullarınnn burjua istismarından fərqli olduğunu sübut edirlərsə, ancaq bunu unudurlar ki, onlar indi artıq keçib getmiş olan tamamilə başqa bir vəziyyət və şəraitdə istismar edirdilər. Əgər onlar öz hökmranlıqları zamanı müasir proletariatın olmadığını göstərirlərsə, bunu unudurlar ki, məhz muasir burjuaziya onların ictimai quruluşunun zəruri məhsulu idi.

Bir də, onlar öz tənqidlərinin mürtəce xarakterini çox az gizlətdiklərinə görə, onların burjuaziyaya qarşı başlıca ittihamı məhz bundan ibarət olur: burjuaziyanın hökmranlığı dövründə elə bir sinif inkişaf edir ki, bu sinif butün köhnə ictimai quruluşu dağıdıb havaya sovuracaqdır.

Onlar burjuaziyanı ümumiyyətlə proletariat doğurmaqdan daha çox, inqilabçı proletariat doğurmaqda töhmətləndirirlər.

Buna görə də onlar siyasi praktikada fəhlə sinfinə qarşı bütün zorakı tədbirlərdə iştirak edirlər, adi həyatda isə, bütun dəbdəbəli ibarələrinin əksinə olaraq, qızıl almaları16 yığışdırmaq, sədaqət, məhəbbət və namusu qoyun yunu, çuğundur və araq alverindən gələn qazanca dəyişmək fürsətini əldən qaçırmırlar17.

Keşiş həmişə feodalla əl-ələ verdiyi kimi, keşiş sosializmi də feodal sosializmi ilə əl-ələ vermişdir.

Xristian asketizminə sosializm rəngi verməkdən asan bir şey yoxdur. Məgər xristianlıq da xüsusi mülkiyyət əleyhinə, nigah əleyhinə, dövlət əleyhinə çıxmırdımı? Məgər o bunların əvəzinə xeyriyyəçiliyi və yoxsulluğu, nikahsızlığı və nəfsi öldürməyi, monastır həyatını və kilsəni təbliğ etmirdimi? Xristian sosializmi ancaq elə bir müqəddəs sudur ki, aristokratın qəzəbi tutanda keşiş bu suyu onun üzünə çiləyir.

b) Xırda burjua sosializmi

Feodal aristokratiyası burjuaziya tərəfindən devrilən və muasir burjua cəmiyyətində həyat şəraiti pisləşib aradan qalxan yeganə sinif deyildir. Orta əsrlərdəki şəhərlilər silki və xırda kəndlilər silki müasir burjuaziyanın sələfi olmuşdur. Sənaye və ticarət cəhətdən daha az inkişaf etmiş ölkələrdə bu sinif inkişaf etməkdə olan burjuaziya ilə yanaşı olaraq hələ indiyə qədər sürünməkdədir.

Müasir mədəniyyətin inkişaf etdiyi ölkələrdə proletariatla burjuaziya arasında tərəddüd edən yeni xırda burjuaziya əmələ gəlmiş və burjua cəmiyyətinin əlavə bir hissəsi olaraq daim yenidən əmələ gəlməkdədir. Lakin rəqabət bu sinfə mənsub olan şəxsləri daim proletariat sıralarına atır və onlar artıq elə bir zamanın yaxınlaşdığını görməyə başlayırlar ki, bu zaman iri sənaye inkişaf etdikdə, həmin şəxslər müasir cəmiyyətin müstəqil bir hissəsi olaraq tamamilə yox olacaq və ticarətdə, sənayedə, əkinçilikdə nəzarətçilər və muzdlu qulluqçularla əvəz ediləcəklər.

Bütün əhalinin yarıdan xeyli çoxunun kəndlilərdən ibarət olduğu Fransa kimi ölkələrdə burjuaziyaya qarşı proletariata tərəfdar çıxan və burjua quruluşunu tənqid edərkən xırda burjua və xırda kəndli meyarına əl atıb, fəhlələrin işini xırda burjua nöqteyi-nəzərindən müdafiə edən yazıçıların meydana gəlməsi təbii idi. Xırda burjua sosializmi belə meydana gəlmişdir. Sismondi təkcə Fransada deyil, İngiltərədə də belə bir ədəbiyyatın başında durur.

Bu sosializm müasir istehsal münasibətlərindəki ziddiyyətləri çox yaxşı görə bilirdi. O, iqtisadçıların riyakar məddahlığını ifşa etmişdi. O, maşınlı istehsalın və əmək bölgüsünün dağıdıcı təsirini, kapitalların və torpaq sahibliyinin təmərküzləşdiyini, ifrat istehsalı, böhranları, xırda burjuaların və kəndlilərin labüddən məhv olacağını, proletariatın yoxsulluğunu, istehsal hərc-mərcliyini, sərvət bölgüsündə biabırçı bərabərsizlik olduğunu, millətlər arasında dağıdıcı sənaye müharibəsi getdiyini, köhnə mənəviyyatın, köhnə ailə münasibətlərinin və köhnə milliyyətlərin pozulub dağıldığını qəti sübut etdi.

Lakin bu sosializm öz müsbət məzmunu cəhətdən buna çalışır ki, ya köhnə istehsal və mübadilə vasitələrini, bununla birlikdə isə mülkiyyət münasibətlərini və köhnə cəmiyyəti bərpa etsin, ya da müasir istehsal və mübadilə vasitələrini yenidən zorla köhnə mülkiyyət münasibətləri çərçivəsinə salsın, halbuki həmin münasibətləri müasir istehsal və mübadilə vasitələri artıq dağıtmışdır və mütləq dağıtmalı idi. Hər iki halda bu sosializm eyni zamanda həm mürtəce, həm də utopikdir.

Bu sosializmin ən yüksək məqsədi sex halında qurulmuş sənaye və patriarxal kənd təsərrüfatıdır.

Bu məslək sonrakı inkişafında qorxaq bir donqultuya çevrilmişdir18.

c) Alman sosializmi, yaxud «həqiqi» sosializm

Hökmran burjuaziyanın zülmü altında meydana gələn və bu hökmranlığa qarşı mübarizənin ədəbi ifadəsi olan Fraisa sosialist və kommunist ədəbiyyatı Almaniyaya elə bir zamanda keçirilmişdi ki, bu zaman Almaniyada burjuaziya feodal mütləqiyyətinə qarşı öz mübarizəsini yenicə başlamışdı.

Alman filosofları, yarımfilosofları və gözəl ibarə həvəskarları ehtirasla bu ədəbiyyatdan yapışmışdılar, ancaq unutmuşdular ki, bu əsərlər Fransadan Almaniyaya keçirilirkən, eyni zamanda Fransadakı həyat şəraiti oraya keçirilməmişdi. Almaniya şəraitində fransız ədəbiyyatı özünün bütün bilavasitə əməli əhəmiyyətini itirdi va xalis bir ədəbi cərəyan şəkli aldı. Bu ədəbiyyat insan mahiyyətinin həyata keçirilməsi haqqında mənasız əllaməlik xarakteri almalı idi. Məsələn, birinci Fransa inqilabının tələbləri XVIII əsr alman filosofları üçün yalnız ümumiyyətlə «əməli zəkanın» tələbləri olaraq bir əhəmiyyətə malik idi, inqilabçı fransız burjuaziyası iradəsinin təzahürləri isə onların nəzərində xalis iradə qanunları, əslində iradə necə olmalıdırsa, belə bir iradənin, həqiqi insan iradəsinin qanunları əhəmiyyətinə malik idi.

Alman ədəbiyyatçılarının gördüyü bütün iş ancaq ondan ibarət idi ki, yeni fransız ideyalarını öz köhnə fəlsəfi vicdanları ilə barışdırsınlar, yaxud daha doğrusu, fransız ideyalarını öz fəlsəfi nöqteyi-nəzərlarindən mənimsəsinlər.

Ümumiyyətlə başqa bir dil nə yolla mənimsənilirsə, bunu da eyni yolla, tərcümə vasitəsi ilə mənimsədilər.

Məlumdur ki, qədim bütpərəstlik zamanlarının klassik əsərlərinin əlyazmalarında monaxlar mətnin üstündən katölik müqəddəslərinin mənasız tərcümeyi-hallarını yazırdılar. Alman ədəbiyyatçıları küfr edən fransız ədəbiyyatı ilə lap əksinə rəftar etdilər. Fransız orijinalı altından onlar özlərinin fəlsəfi cəfəngiyatını yazdılar. Məsələn, pul münasibətlərinin fransız tənqidi altından onlar «insan mahiyyətinin özgələşməsi», burjua dövlətinin fransız tənqidi altından «Abstrakt-Küllün hökmranlığının ləğv edilməsi» və i. a. yazdılar.

Onlar fransız nəzəriyyələri altından soxuşdurub yazdıqları öz fəlsəfi cümləpərdazlıqlarına «fəaliyyət fəlsəfəsi», «həqiqi sooializm», «alman sosializm elmi», «sosializmin fəlsəfi cəhətdən əsaslaidırılması» və i. a. adını verdilər.

Beləliklə, fransız sosialist-kommunist ədəbiyyatı tamamilə məzmunsuzlaşdırılmış oldu. Həm də almanların əlində bu ədəbiyyat daha bir sinfin başqa sinfə qarşı mübarizəsini ifadə etmədiyinə görə, almanlar bu əqidədə idilər ki, onlar «fransız birtərəfliyindən» yüksəyə qalxmışlar, həqiqi tələbat əvəzinə, həqiqətə olan təlabatı müdafiə edirlər, proletariatın mənafeyi əvəzinə isə insan mahiyyətinin mənafeyini, ümumiyyətlə insanın mənafeyini, heç bir sinfə mənsub olmayıb ümumiyyətlə həyatda deyil, fəlsəfə xülyasının dumanlı fəzalarında mövcud olan insanın mənafeyini müdafiə edirlər.

Öz aciz şagird məşğələlərini bu qədər ciddi və mühüm bir şey hesab edən və bunları bu qədər gurultu ilə tərifləyən həmin alman sosializmi get-gedə öz pedant məsumluğunu itirdi.

Feodallara və mütləq monarxiyaya qarşı alman burjuaziyasının, xüsusən Prussiya burjuaziyasının mubarizəsi – bir sözlə, liberal hərəkat get-gedə daha çox ciddiləşirdi.

Beləliklə, «həqiqi» sosializmin arzu etdiyi fürsət ələ duşdü və o da siyasi hərəkata sosialist tələblərini qarşı qoyur, liberalizmə, numayəndəli dövlətə, burjua rəqabətinə, burjua mətbuat azadlığına, burjua hüququna, burjua azadlığına və bərabərliyinə bir ənənə olaraq lənətlər yağdırır və xalq kütləsinə təbliğ edirdi ki, bu burjua hərəkatında xalq kütləsi heç bir şey qazana bilməz, əksinə, hər şeyi itirə bilər. Fransız tənqidinin miskin əks-sədası olan alman sosializmi çox yerində unudurdu ki, fransız tənqidi meydana gələn zaman muasir burjua cəmiyyəti, buna müvafiq maddi həyat şəraiti və müvafiq siyasi konstitusiya var idi, yəni bütün elə müqəddəm şərtlər var idi ki, Almaniyada bunlara nail olmaq haqqında hələ yenicə danışırdılar.

Çoxlu keşişləri, məktəb murəbbiləri, ətalətli yunkerləri və bürokratları olan Almaniya mütləqiyyət hökumətləri üçün bu sosializm hədələyici surətdə hücuma keçən burjuaziyaya qarşı vaxtındaca ələ keçən bir uyuq idi.

Bu sosializm alman fəhlələrinin üsyanlarını yatırarkən həmin hökumətlərin istifadə etdikləri qamçıların və tüfəng güllələrinin acısına qatılmış bir şərbət idi.

Bu yolla «həqiqi» sosializm hökumətlərin əlində alman burjuaziyasına qarşı bir silah olurdusa, həmçinin bilavasitə mürtəce mənafeyi, alman meşşanlarının mənafeyini də ifadə edirdi. Almaniyada mövcud vəziyyətin gerçək ictimai əsasını XVI əsrdən irs qalan və o zamandan etibarən bu və ya başqa formada daim yenidən meydana çıxan xırda burjuaziya təşkil edir.

Xırda burjuaziyanın saxlanması Almaniyada mövcud vəziyyətin saxlanması deməkdir. Burjuaziyanın sənaye və siyasi hökmranlığı üzündən xırda burjuaziya, bir tərəfdən, kapitalın təmərküzləşməsi nəticəsində, digər tərəfdən, inqilabçı proletariatın artıb böyüməsi nəticəsində mütləq məhv olacağını böyük bir dəhşətlə közləyir. Xırda burjuaziyaya elə gəlirdi ki, «həqiqi» sosializm bir güllə ilə iki ov vurur. Buna görə də «həqiqi» sosializm yoluxucu bir xəstəlik kimi yayılırdı.

Fərziyyə torundan toxunmuş, əlvan bəlağət rəngləri ilə işlənmiş, şit bir heyranlıqdan döğan göz yaşları ilə isladılmış və alman sosialistləri tərəfindən özlərinin bir-iki cılız «əbədi həqiqətini» pərdələmək üçün istifadə edilən bu mistik örtük sayəsində onların mətahı həmin camaat arasında ancaq rəvac tapırdı.

Alman sosializmi özü də get-gedə daha çox başa düşürdü ki, onun vəzifəsi bu meşşanların dəbdəbəli nümayəndəsi olmaqdır.

Bu sosializm alman millətini nümunəvi bir millət, alman meşşanını isə insan nümunəsi elan etmişdi. Bu sosializm meşşanın hər bir alçaq hərəkətinə gizli və ülvi bir sosialist mənası verirdi, bu da onu özünun tam əksi olan bir şeyə çevirirdi. Axıra qədər ardıcıl olan bu sosializm «kobud dağıdıcı» cərəyan adlandırdığı kommunizmin açıqca əleyhinə çıxırdı və bildirmişdi ki, əzəmətli qərəzsizliyə malik olan bu sosializm hər cür sinfi mübarizədən yüksəkdə durur. Almaniyada guya sosialist və kommunist əsərləri adı ilə yayılmış olan hər şey, kiçik bir istisna ilə, həmin çirkin və pozucu ədəbiyyat cümləsindəndir19.

2. Mühafizəkar Sosializm Yaxud Burjua Sosializmi

Burjuaziyanın müəyyən hissəsi burjua cəmiyyətinin varlığını möhkəmlətmək üçün ictimai xəstəlikləri sağaltmaq istəyir.

Buraya iqtisadçılar, filantroplar, insanpərvərlik mudafiəçiləri, zəhmətkeş siniflələrin rifahı üçün çalışanlar, xeyriyyəçilik təşkil edənlər, heyvanları himayə cəmiyyətlərinin üzvləri, əyyaşlıqla mübarizə cəmiyyətlərinin baniləri, ən müxtəlif növlərdən olan vecsiz islahatçılar daxildirlər. Bu burjua sosializmi hətta bütöv sistemlər şəklinə salınırdı.

Misal olaraq Prudonun «Yoxsulluq fəlsəfəsi» əsərini göstərək.

Burjua-sosialistlər müasir cəmiyyətin həyat şəraitini saxlamaq istəyir, lakin bu şəraitdən labüd olaraq doğan mübarizə və təhlükələri istəmirlər. Onlar müasir cəmiyyəti saxlamaq istəyir, lakin onu inqilabiləşdirən və pozan ünsürləri istəmirlər. Onlar proletariatsız burjuaziya olmasını istərdilər. Burjuaziyanın hökm sürdüyü dünya, əlbəttə, ona ən yaxşı bir dünya kimi görünür. Burjua sosializmi təsəlli verən bu təsəvvürü az-cox bütöv bir sistem şəklinə salır. Burjua sosializmi öz sistemini həyata keçirməyə və yeni Yerusəlimə girməyə proletariatı dəvət etməklə, əslində ancaq bunu tələb edir ki, proletariat indiki cəmiyyətdə qalsın, lakin bu cəmiyyətin mənfur bir şey olması təsəvvürunü bir tərəfə atsın.

Bu sosializmin nisbətən az müntəzəm, laknn daha əməli olan başqa bir forması hər cür inqilabi hərəkata qarşı fəhlə sinfində mənfi bir münasibət oyatmağa çalışaraq sübut etmək istəyirdi ki, fəhlə sinfinə bu və ya başqa bir siyasi dəyişiklik deyil, ancaq maddi həyat şəraitinin, iqtisadi münasibətlərin dəyişilməsi faydalı ola bilər. Lakin bu sosializm maddi həyat şəraitini dəyişdirmək dedikdə, yalnız inqilabi yolla məhv edilə bilən burjua istehsal münasibətlərinin heç də məhv edilməsini deyil, həmin istehsal münasibətləri zəminində həyata keçirilən, deməli, kapitalla muzdlu əmək arasındakı münasibətlərdə heç bir şeyi dəyişdirməyən, olsa-olsa, yalnız burjuaziyanın hökmranlığı xərclərini azaldan və onun dövlət təsərrüfatını sadələşdirən inzibati yaxşılaşdırmaları nəzərdə tutur.

Burjua sosializmi ancaq sadəcə bir natiq cümləpərdazlığına çevrildiyi zaman özünün ən münasib ifadəsini tapır.

Azad ticarət! özü də fəhlə sinfinin xeyrinə; himayə kömrükləri! özü də fəhlə sinfinin xeyrinə; bir adamlıq həbsxanalar! özü də fəhlə sinfinin xeyrinə – burjua sosializminin yeganə ciddi söylədiyi son sözü bax budur.

Burjuaziyanın sosializmi məhz belə bir müddəadan ibarətdir ki, burjualar burjua-dır, – özü də fəhlə sinfinin xeyrinə.

3. Tənqidi-Utopik Sosializm Və Kommunizm

Biz burada yeni dövrun bütün böyük inqilablarında proletariatın tələblərini ifadə edən ədəbiyyatdan (Baböfun əsərləri və i. a.) bəhs etmirik.

Ümumi həyəcan zamanı, feodalizm cəmiyyətinin devrildiyi dövrdə proletariatın öz sinfi mənafeyini bilavasitə həyata keçirmək yolundakı ilk təşəbbusləri proletariatın özünun inkişaf etməmiş olması üzündən, habelə onun azadlığa çıxması üçün maddi şəraitin olmaması üzündən labüd surətdə boşa çıxırdı, çünki bu şərait yalnız burjua dövrünun məhsuludur. Proletariatın bu ilk hərəkatları zamanı buraxılan inqilabi ədəbiyyat öz məzmunu cəhətdən labüd surətdə mürtəce ədəbiyyatdır. Bu ədəbiyyat ümumi bir asketizm və qaba bir bərabərçilik təbliğ edir.

Əslində sosialist və kommunist sistemləri, Sen-Simonun, Furyenin, Ouenin sistemləri və i. a. proletariatla burjuaziya arasındakı mübarizənin inkişaf etməmiş olduğu ilk dövründə meydana çıxır; bu dövrü yuxarıda təsvir etmişik (bax: «Burjuaziya və proletariat»).

Bu sistemləri ixtira edənlər, doğrudur, siniflərin əksliyini, habelə hakim cəmiyyətin öz daxilində dağıdıcı ünsürlərin təsirini görürlər. Lakin onlar proletariatın özünün heç bir tarixi özfəaliyyətini, ona məxsus heç bir siyasi hərəkatı görmürlər.

Sinfi antaqonizm sənayenin inkişafı ilə əlaqədar olaraq inkişaf etdiyinə görə, onlar da eyni ilə proletariatın azad olması üçün lazım gələn maddi şəraiti hələ tapa bilmirlər və bu şəraiti yaradacaq ictimai elm, ictimai qanunlar axtarırlar.

İctimai fəaliyyətin yerini onların şəxsi ixtiraçılıq fəaliyyəti, azad olmaq üçün lazım gələn tarixi şəraitin yerini xəyali şərait, proletariatın bir sinif halında tədricən təşkil olunmasının yerini onların uydurduqları resept əsasında cəmiyyətin təşkil edilməsi tutmalı imiş. Onların fikrincə, bütün dünyanın gələcək tarixi onların ictimai planlarını təbliğ etməkdən və əməli surətdə həyata keçirməkdən ibarət olur.

Doğrudur, onlar anlayırlar ki, bu planları ilə başlıca olaraq, ən cəfakeş bir sinif olan fəhlə sinfinin mənafeyini müdafiə edirlər. Onların fikrincə, proletariat ancaq belə bir ən cəfakeş sinif kimi mövcuddur.

Lakin sinfi mübarizənin inkişaf etməmiş forması, habelə həyatda onların öz vəziyyəti üzündən onlar özlərini bu sinfi antaqonizmdən yüksəkdə hesab edirlər. Onlar cəmiyyətin bütün üzvlərinin, hətta ən yaxşı şəraitdə olanlarının da vəziyyətini yaxşılaşdırmaq istəyirlər. Buna görə də onlar, heç bir fərq qoymadan, daim bütün cəmiyyətə, hətta başlıca olaraq hakim sinfə müraciət edirlər. Onların fikrincə, onların sistemini təkcə başa düşmək kifayətdir ki, bu sistem mümkün olan cəmiyyətlərdən ən yaxşısı haqqında düzəldilmiş ən yaxşı bir plan hesab edilsin.

Buna görə də onlar hər cür siyasi fəaliyyəti, xüsusilə hər cür inqilabi fəaliyyəti rədd edirlər; onlar öz məqsədlərinə dinc yolla çatmaq istəyirlər, xırda və əlbəttə, baş tutmayan təcrübələr vasitəsi ilə, nümunə göstərməklə yeni ictimai ehkama yol açmağa çalışırlar.

Gələcək cəmiyyətin bu xəyali təsviri proletariatın hələ çox az inkişaf etmiş olduğu və buna görə də öz vəziyyətini hələ xəyali bir şəkildə təsəvvür etdiyi zaman meydana gəlir, bu xəyali təsvir proletariatın bütün cəmiyyəti dəyişdirmək üçün böyük bir duyğu olan ilk coşqunluğundan irəli gəlir.

Lakin bu sosialist və kommunist əsərlərində tənqidi ünsürlər də vardır. Bu əsərlər mövcud cəmiyyətin bütün əsasları üzərinə hücum edir. Buna görə də həmin əsərlərdə fəhlələrin maariflənməsi üçün son dərəcə qiymətli material verilmişdir. Gələcək cəmiyyət haqqında onların çıxardıqları müsbət nəticələr, məsələn, şəhərlə kənd arasındakı əksliyin məhv edilməsi20, ailənin, xüsusi varlanmanın, muzdlu əməyin məhv edilməsi, ictimai ahəngdarlıq elan edilməsi, dövlətin sadəcə istehsalı idarə etməyə çevrilməsi, – bütün bu müddəalar yalnız sinfi əksliyin aradan qaldırılması zərurətini ifadə edir, həmin əkslik isə o zaman yenicə inkişaf etməyə başlamışdı və onlara hələ müəyyən bir şəkil almamış ancaq ilkin halında məlum idi. Buna görə də həmin müddəalar da hələ tamamilə utopik xarakter daşıyır.

Tənqidi-utopik sosializmin və kommunizmin əhəmiyyəti tarixi inkişafa əks nisbətdədir. Siniflər mübarizəsi inkişaf edib get-gedə daha muəyyən formalar aldıqca, həmin mübarizədən yüksəklərə qalxmaq üçün göstərilən bu xəyali səy, həmin mübarizənin bu xəyali yolla aradan qaldırılması bütün əməli mənasını və bütün nəzəri qiymətini itirir. Buna görə də həmin sistemlərin baniləri bir çox cəhətdən inqilabi əhvali-ruhiyyəli olsalar da, onların şagirdləri həmişə mürtəce təriqətlər təşkil edirlər. Bunlar proletariatın sonrakı tarixi inkişafına baxmayaraq, öz müəllimlərinin köhnə baxışlarından bərk-bərk yapışırlar. Buna görə də onlar ardıcıl surətdə sinfi mubarizəni yenidən kütləşdirməyə və əkslikləri barışdırmağa çalışırlar. Onlar hələ də öz ictimai utopiyalarını təcrübələr yolu ilə həyata keçirmək, ayrı-ayrı falansterlər duzəltmək, daxili koloniyalar («Home-colonies») təşkil etmək, yeni Yerusəlimin kiçik nüsxəsi olan balaca İkariya21 qurmaq kimi xəyallar bəsləyirlər, – və butün bu xəyali qəsrləri tikmək üçün burjua qəlblərinin və pul kisələrinin insansevərliyinə müraciət etməyə məcbur olurlar. Tədricən bunlar yuxarıda təsvir olunmuş irticaçı və ya mühafizəkar sosialistlər sırasına düşürlər və onlardan ancaq bununla fərqlənirdilər ki, daha müntəzəm bir pedantlıq göstərir və öz ictimai elmlərinin ecazkar bir qüvvəsi olmasına fanatik etiqad bəsləyirlər.

Ouen öz nümunəvi kommunist cəmiyyətlərini «Home-colonies (ölkə daxilində koloniyalar) adlandırırdı. Furyenin nəzərdə tutduğu ictimai saraylar falanster adlanırdı. İkariya utopik-xəyali ölkəyə deyilirdi ki, bunun da kommunist müəssisələrini Kabe təsvir etmişdi. (1890-cı il almanca nəşrinə Engelsin qeydi).

Məhz buna görə də onlar bu qədər qızğınlıqla fəhlələrin hər cür siyasi hərəkatı əleyhinə çıxır və belə düşünürlər ki, bu hərəkat ancaq yeni ehkama kor-korana inanmamaqdan irəli gəlir.

İngiltərədə ouençilər çartistlərə qarşı, Fransada furyeçilər isə reformistlərə22 qarşı çıxırlar.

Ⅳ. Müxtəlif Müxalifətçi Partiyalara Kommunistlərin Münasibəti

II bölmədə deyilənlərdən sonra, artıq təşəkkül tapmış fəhlə partiyalarına kommunistlərin münasibəti, yəni İngiltərədə çartistlərə və Şimali Amerikada aqrar islahatı tərəfdarlarına onların munasibəti aydındır.

Kommunistlər fəhlə sinfinin ən yaxın məqsəd və mənafeyi uğrunda mübarizə edirlər, lakin eyni zamanda bu günkü hərəkatda onlar hərəkatın gələcəyini də müdafiə edirlər. Fransada, mühafizəkar və radikal burjuaziyaya qarşı mübarizədə kommunistlər sosialist-demokrat partiyasına23 qoşulurlar, bununla bərabər inqilabi ənənədən irəli gələn ibarə və xülyalara tənqidi yanaşmaq hüququndan da əl çəkmirlər.

Fransada özünü sosialist-demokrat partiyası adlandıran partiyanı siyasi həyatda Ledrü-Rollen, ədəbiyyatda Lui Blan təmsil edirdi; beləliklə, bu partiya müasir alman sosial-demokratiyasından yerlə göy qədər fərqli idi. (1891-ci il almanca nəşrinə Engelsin qeydi).

İsveçrədə onlar radikallara kömək edir, lakin bunu da nəzərdən qaçırmırlar ki, həmin partiya bir-birinə zidd ünsürlərdən, qismən fransızsayağı demokratik sosialistlərdən, qismən də radikal burjualardan ibarətdir.

Polyaklar arasında kommunistlər aqrar inqilabını milli azadlıq üçün şərt qoyan partnyaya, 1846-cı ildə Krakov üsyanını doğuran partiyaya kömək edirlər.

Almaniyada burjuaziya inqilabi çıxış etdiyinə görə, Kommunist Partiyası onunla əlbir olub mütləq monarxiyaya, feodal torpaq mülkiyyətinə və irticaçı meşşanlara qarşı mübarizə edir.

Lakin Kommunist Partiyası burjuaziya ilə proletariat arasında olan düşmən əksliyini fəhlələrin mümkün qədər daha aydın başa düşmələri üçün hər dəqiqə çalışır ki, alman fəhlələri burjuaziya hökmranlığının yaratmalı olduğu ictimai və siyasi şəraitdən onun özünə qarşı dərhal bir silah kimi istifadə edə bilsinlər, Almaniyadakı irticaçı siniflər devrildikdən sonra dərhal burjuaziyanın özunə qarşı mübarizə başlansın.

Kommunistlər başlıca diqqətlərini Almaniyaya verirlər, çünki Almaniya burjua inqilabı ərəfəsindədir, çünki Almaniya bu çevrilişi ümumiyyətlə Avropa mədəniyyətinin daha mütərəqqi şəraitində edəcəkdir, XVII əsrdəki İngiltərədə və XVIII əsrdəki Fransada olan proletariatdan xeyli artıq inkişaf etmiş bir proletariatla edəcəkdir. Deməli, Almaniya burjua inqilabı proletar inqilabının yalnız bilavasitə müqəddiməsi ola bilər.

Bir sözlə, kommunistlər hər yerdə mövcud ictimai və siyasi quruluşa qarşı yönəldilən hər cür inqilabi hərəkata kömək edirlər.

Bütün bu hərəkatlarda onlar mülkiyyət məsələsini, onun çox və ya az inkişaf etmiş bir forma almasından asılı olmayaraq, hərəkatın əsas məsələsi kimi birinci yerə qoyurlar.

Nəhayət, kommunistlər hər yerdə bütün ölkələrin demokratik partiyalarının birləşməsinə və razılığa gəlməsinə çalışırlar.

Kommunistlər öz baxış və niyyətlərini gizlətməyi mənfur bir şey hesab edirlər. Onlar açıq bildirirlər ki, məqsədləri yalnız bütün mövcud ictimai quruluşu zorakılıqla devirmək yolu ilə əldə edilə bilər. Qoy hakim siniflər Kommunist İnqilabı qarşısında lərzəyə düşsünlər. Proletarlar bu inqilabda öz zəncirlərindən başqa heç bir şey itirməyəcəklər. Qazanacaqları isə bütün dünya olacaqdır.

Bütün ölkələrin proletarlari, birləşin!

  1. Burjuaziya dedikdə, ictimai istehsal vasitələrinin mülkiyyətçisi olub, muzdlu əməkdən istifadə edən müasir kapitalistlər sinfi nəzərdə tutulur. Proletariat dedikdə, öz istehsal vasitələrindən məhrum odub, yaşamaq üçün öz iş qüvvəsini satmağa məçbur olan müasir muzdlu fəhlələr sinfi nəzərdə tutulur. (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi).
  2. Yəni yazılı məxəzlər şəklində bizə gəlib çatan bütun tarix. Cəmiyyətin tarixdən əvvəlki dövrü, bütün yazılı tarixdən əvvəlki ictimai quruluş 1847-ci ildə demək olar, hələ əsla məlum deyildi. O zamandan bəri keçən müddətdə Haksthauzen Rusiyada torpaq üzərində icma mülknyyəti olduğunu kəşf etmişdir, Maurer sübut etmişdir ki, bu mülkiyyət bütün alman tayfalarının tarixn inkişafının başlanğıc nöqtəsini təşkil edən ictimai təməl olmuşdur və tədricən aydınlaşmışdır ki, torpaq üzərində ümumi sahibliyin mövcüd olduğu kənd icması Hindistandan tutmuş İrlandiyaya qədər hər yerdə ibtidai cəmiyyət formasıdır və ya keçmişdə belə olubdur. Bu ibtidai kommunizm cəmiyyətniin daxili quruluşunu, bu quruluşun tipik formasını Morqan aydınlaşdırmış, nəhayət, qəbılənin həqiqi mahiyyətini və onun tayfa içərisindəki mövqeyini kəşf etməklə bu işi başa çatdırmışdır. Bu ibtidai icma dağılarkən cəmiyyət təbəqələşib xüsusi siniflərə və nəhayət antaqonist siniflərə bölünməyə başlayır. Mən həmin dağılma prosesini aşağıdakı əsərimdə nəzərdən keçirməyə çalışmışam: «Der Ursprunq der Famille. des Privateiqentums und des Staats». 2, Aufl., Stuttqart.1886 (Bax: F.Engels. Ailənin, xüsusi mülknyyətin və dövlətin mənşəyi. K.Marks və F.Engels. Seçilmiş iki cildlik əsərləri, 2-ci cild). (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi).
  3. Sex ustası – sexin tam hüquqlu üzvü, sex daxilində ustadır, sexin başçısı deyildir. (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi)
  4. İtaliya və Fransa şəhərləri öz feodal ağalarından ilk özünüidarə hüquqlarını satın aldıqdan və ya zorla əldə etdnkdən sonra özlərinin şəhər icmasını kommuna adlandırırdılar. (1890-cı il almanca nəşrinə Engelsin qeydi)
  5. Fransada meydana gələn şəhərlər, öz feodal hökmdarları və ağalarından yerli özünüidarə ixtiyarı və «üçüncü silkə» məxsus siyasi hüquqlar əldə etmədən əvvəl də «kommuna» adlanırdı. Ümumiyyətlə desək, burada burjuaziyanın iqtisadi inkişafı cəhətdən tipik bir ölkə olaraq İngiltərə, onun siyasi inkişafı cəhətdən tipik bir ölkə olaraq Fransa götürülmüşdür (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi).

    Engels tərəfindən redaktə edilmiş1888-ci il ingiliscə nəşrində «müstəqil şəhər respublikası olmuş» sözlərindən sonra «(İtaliyada və Almaniyadakı kimi)» sözləri, «monarxiyanın vergi verən üçüncü silki olmuş» sözlərindən sonra isə «(Fransadakı kimi)» sözləri əlavə edilmişdir. Red.

  6. Marks sonralar göstərmişdir ki, fəhlə öz əməyini deyil, iş qüvvəsini satır. Bu barədə bax: Marksın «Muzdlu əmək və kapital» əsərinə Engelsin yazdığı giriş. K.Marks və F.Engels. İkicildlik seçilmiş əsərləri, Azərnəşr, 1953, I cild, səh. 47 – 55. Red.
  7. 1888-ci il ingiliscə nəşrində «koalisiyalar» sözündən sonra «(həmkarlar ittifaqları)» əlavə edilmişdir. Red.
  8. 1888-ci il ingiliscə nəşrində «öz təhsilinin ünsürləri» sözləri əvəzinə «öz siyasi və ümumi təhsilinin ünsürləri» çap edilmişdir. Red.
  9. 1888-ci il ingiliscə nəşrində «xüsusi» əvəzinə «təriqətçi» deyilmişdir. Red
  10. 1888-ci il ingiliscə nəşrində «həmişə irəliləməyə sövq edən» sözləri əvəzinə «ən qabaqcıl» çap edilmişdir. Red.
  11. 1888-ci il ingiliscə nəşrində «bəzilərinin başqalarını istismar etməsinə» sözləri əiəzinə «azlığın çoxluğu istismar etməsinə» çap edilmişdir. Red.
  12. 1888-ci il ingiliscə nəşrivdə «milli sinif vəziyyətinə çatmalı» sözləri əvəzinə «millətin qabaqcıl sinfi vəziyyətinə çatmalı» çap edilmişdir. Red.
  13. 1848-ci il nəşrində «şəhərlə kənd arasındakı əksliyin» yazılmışdır. 1872-ci il nəşrində və almanca sonrakı nəşrlərində «əksliyin» sözü «fərqin» sözü ilə əvəz edilmişdir. 1888-ci il ingiliscə nəşrində «şəhərlə kənd arqsındakı fərqin tədricən aradan qaldırılmasına kömək etmək» sözləri əvəzinə «əhalinin bütün ölkədə daha bərabər surətdə bölüşdürülməsi yolu ilə şəhərlə kənd arasındakı fərqin tədricən aradan qaldırılması» çap edilmişdir. Red.
  14. 1660 – 1689-cu illərdə İngiltərədəki Restavrasiya deyil, 1814 – 1830-cu illərdə Fransadakı Restavrasiya nəzərdə tutulur. (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi.)
  15. Legitimistlər – Burbonlar sülaləsini bərpa etmək tərəfdarları olan zadəgan-torpaq sahibləri partiyası idi. «Gənc İngiltərə» – mühafizəkarlar partiyasına qoşulan ingilis aristokratlarının, siyasi xadim və ədəbiyyatçılarının 1842-ci ilə yaxın təşkil olunmuş dərnəyi idi. Onun görkəmli nümayəndələri Dizraeli, Tomas Karleyl və başqaları idi. Red.
  16. 1888-ci il ingiliscə nəşrində «qızıl almaları» sözündən əvvəl «sənaye ağacından tökülən» sözləri əlavə edilmişdir. Red.
  17. 1 Bu, başlıca olaraq, Almaniyaya aiddir, burada torpaq aristokratiyası və yunkerlər öz torpaqlarının çox hissəsində təsərrüfatlarını öz iş müdirləri vasitəsi ilə öz hesablarına idarə edirlər və bundan əlavə, böyük şəkər və şərab zavodlarının sahibidirlər. Daha varlı olan ingilis aristokratları hələ bu dərəcəyə çatmamışlar; lakin onlar da bilirlər ki, rentanın aşağı düşməsinin əvəzini çıxarmaq üçün öz adlarını az-çox şübhəli səhmdar cəmiyyətləri düzəldənlərə necə vermək olar (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi).
  18. 1888-ci il ingiliscə nəşrində «Bu məslək sonrakı inkişafında qorxaq bir donqultuya çevrilmişdir» sözləri əvəzinə belə çap edilmişdir: «Ən nəhayət, qəti tarixi faktlar xülyaların həzz verən təsirinin bütün izlərini aradan qalxmağa məcbur etdikdə, sosializmin bu forması qorxaq bir donqultuya çevrilmişdir». Red.
  19. 1848-ci ildəki inqilab fırtınası bütun bu iyrənc cərəyanı aradan qaldırdı və onun nümayəndələrini sosializm adı ilə ehtikar etmək həvəsindən saldı. Bu cərəyanın başlıca nümayəndəsi və klassik tipi c-b. Karl Qründür (1890-cı il almanca nəşrinə Engelsin qeydi.)
  20. 1888-ci il ingiliscə nəşrində bu yer belə ifadə edilmişdir: «Onların təklif etdikləri əməli tədbirlər, məsələn, şəhərlə kənd arasındakı fərqin məhv edilməsi». Red.
  21. Furyenin nəzərdə tutduğu sosialist koloniyaları falanster adlanırdı; Kabe öz utopik ölkəsini, sonralar isə Amerikadakı öz kommunist koloniyasını İkariya adlandırırdı. (1888 ci il ingiliscə nəşrinə Engelsin qeydi).
  22. 1843 cü ildən 1850-ci ilədək Parisdə çıxan «Reforme» («İslahat») qəzetinin tərəfdarlarından bəhs olunur. Red.
  23. Bu partiyanı o zaman parlamentdə Ledrü-Rollen, ədəbiyyatda Lui Blan, gündəlik mətbuatda «Reforme»qəzeti təmsil edirdi. Onlar işlətdikləri bu adı sosialist demokrat partiyası adını – demokratik və ya respublikaçı partiyanın az-cox sosialist rənginə boyanmış hissəsinə vermişdilər. (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi).
Category: Kateqoriyasız